Şəhidlərin ruhuna toxunacaq davranışlardan uzaq olmalıyıq - Açıqlama

27 Yanvar 2021 15:53 (UTC+04:00)

Şəhidlik İslam dinində uca məqam sayılır. Azərbaycanda bu uca məqama yüksələn şəxslərə hər zaman böyük dəyər verilib. Dövlət səviyyəsində şəhidlərə və onların ailələrinə xüsusi diqqət və qayğı var. Şəhidlərin dəfni ilə bağlı ən yüksək səviyyədə göstəriş olur və Vətən uğrunda canından keçənlərin əziz xatirəsini əbədiləşdirmək üçün ən zəruri addımlar atılıb.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı, ilahiyyatçı alim Ceyhun Məmmədov deyib.

Onun fikrincə, İslam dinində şəhid məqamı ən yüksək səviyyədədir: “Müqəddəs Quranda deyildiyi kimi “şəhidlər hər zaman diridir” baxmayaraq ki, onlar şəhid olub, Allah qatında onlar sağdır. İslam dini bu mərtəbəyə yüksələn insanlara qarşı diqqət və hörmət tələb edir. Ona görə də hər birimiz çalışmalıyıq ki, şəhidlərin yüksək ruhuna toxunacaq əməllərdən uzaq olaq”.

Deputat ölkəmizdə şəhidlərin ruhunun hər zaman uca tutulduğunu, onlara ehtiramla yanaşdıldığını qeyd edib: “Şəhidlərin dəfn olunduğu yerlər xüsusi olaraq seçilir. Dövlət bu məsələlərə hər zaman diqqətlə yanaşır”.

Ceyhun Məmmədov qeyd edib ki, şəhidlərimizin qəhrəmanlığı sayəsində Azərbaycan tarixinin ən qürurlu və şərəfli günlərini yaşadıq: “Şəhidlərin ruhuna toxunacaq, onları incidəcək davranışlardan uzaq olmalıyıq. Azərbaycanda müharibə iştirakçılarına, qazilərə və şəhidlərə xüsusi yanaşma mövcuddur. Ona görə də burada hansısa xoşagəlməz addımlara ehtiyac yoxdur. Şəhidlərin məzarlarında rahat uyuması üçün mənəvi prinsiplərə riayət edilməlidir. Hansısa zəruri bir hal yaranacaqsa, dövlət bu məsələdə ciddi addım atacaq”.

İlahiyyatçı alim İslam qaydalarında qəbir yerinin dəyişdirilməsi məsələsinə də toxunub: “İslam dininin qəbirlər, məzarlarla bağlı qaydaları, normaları var. Qəbrin ciddi zərurət, səbəb olmadan köçürülməsi xoş qarşılanmır. İnsanlar dünyasını dəyişsələr də, onlar bizim etdiklərimizi, danışdıqlarımızı duyur. Biz hiss etməsək də, onlar bizi hər zaman eşidir. Yaxşı olardı ki, dəfn olunmuş insana toxunulmasın. Hansısa çox ciddi əsaslandırılmış zərurət olarsa, bunu etmək olar”.