Pakistanın ilk qadın baş naziri – 15 yaşlı uşaq tərəfindən öldürülən lider

3 Fevral 2021 09:14 (UTC+04:00)

1953-cü il iyunun 23-də Kəraçi şəhərində doğulan Pakistan Xalq Partiyasının lideri və keçmiş prezidenti Zülfüqar Əli Bhuttonun qızı Bənazir Bhutto Harvard və Oksfordda oxuyub. Hindistanın Şərqi Pakistana qoşun göndərdiyi və atasının Qərbi Pakistanın müdafiə naziri kimi BMT ilə təmas qurmaq üçün Nyu-Yorka getmək məcburiyyətində qaldığı 1971-ci ilə qədər Harvardda təhsil alırdı. Lakin daha sonra atasına kömək etmək üçün Nyu-Yorka köçdü. Oksforddakı təhsilindən sonra Pakistana döndü.

İslam sosializmini müdafiə edən atası Zülfüqar Əli Bhutto 1979-cu ildə müxtəlif ittihamlarla edam edildi və Bənazir Bhutto ev həbsinə məhkum olundu.

Pakistan və Hindistan ingilis müstəmləkəsi olduğu illərdə Hindistanda oxuyan və Berklidə siyasət, Oksfordda hüquq təhsili alan Zülfüqar Əli Bhutto İslam sosializmini müdafiə edirdi. Pakistan Xalq Partiyasını quranda hakimiyyətin xalqa məxsus olduğu bir demokratiya arzusunda idi. 1977-ci ildə keçirilən seçkilərdə qalib gəlsə də, müxalifət tərəfindən seçkiləri saxtalaşdırdığı iddia olundu. Vətəndaş müharibəsinə çevrilən hadisələrdən sonra hərbi vəziyyət elan olundu və Bhutto həbs olunduqdan sonra edam edildi.

İlk qadın baş nazir

1984-cü ildə ölkədən çıxışına icazə verildi, Bənazir Bhutto bundan sonra Böyük Britaniyaya köçdü və mühacirətdə Pakistan Xalq Partiyasına rəhbərlik etməyə davam etdi. Avropa və ABŞ-da yaşadığı illərdə qərb həyat tərzi sürdü və qadın hüquqlarını müdafiə etdi. Ölkəsindəki qadınlar üçün bir şeylər etmək istəyən və siyasi həyatına davam edən Bənazir Bhutto 1987-ci ildə sement zavodunun direktoru Asif Əli Zərdari ilə evləndi və bu evlilikdən üç övladı dünyaya gəldi.

1977-ci ildəki daxili qarışıqlıqdan sonra, 1988-ci ildə Pakistanda ilk dəfə azad seçki keçirildi və Bənazir Bhutto qalib gələrək müsəlman ölkənin ilk qadın baş naziri oldu. Amma qurduğu hökumət korrupsiya ittihamları ilə üz-üzə qaldı və təxminən iki il sonra yeni seçkilərin keçiriləcəyi səbəbiylə hərbi qüvvələr tərəfindən dəstəklənən Qulam İshaq Xan tərəfindən devrildi. İttihamlara baxmayaraq, Bənazir Bhutto barəsində heç bir hüquqi addım atılmadı.

Zəngin torpaq sahiblərinin hədəfində

1993-cü ildə Bənazir Bhutto yenidən baş nazir seçildi, lakin üç il sonra o və həyat yoldaşı korrupsiya ittihamı ilə prezident Fərrux Legari tərəfindən devrildi. Bənazir Bhutto və həyat yoldaşı Asif Əli Zərdariyə qarşı korrupsiya ittihamları heç vaxt hüquqi baxımdan təsdiqlənmədi.

Bənazir Bhutto 1990-cı illərdə iki dəfə baş nazir seçildi. Lakin ordu korrupsiya ittihamları qarşısında qalan Bhuttoya heç vaxt etibar etmədi.

Milli islahatlar və qadın haqlarını ön planda tutması səbəbindən həmişə yeni ittihamlar qarşısında qalan Bənazir Bhutto siyasi gücünü itirməyə başlayan Pəncabdakı zəngin torpaq sahiblərinin hədəfi idi. Feodal nizamına qarşı mübarizə aparan bu cəsur qadın Pakistanın inkişafı və qadınların ictimai-siyasi həyatın bütün sferalarına daxil olmaları üçün mübarizə aparırdı. 1999-cu ildə Pərviz Müşərrəfin rəhbərlik etdiyi hərbi çevrilişdən sonra Pakistanı tərk edərək Dubayda yerləşdi.

Siyasi həyatına Dubayda davam etdi, ancaq Pərviz Müşərrəfin hədəfi olmaqdan qaça bilmədi. 2002-ci ildə Bənazir Bhuttonu hədəf alan bir konstitusiya dəyişikliyi edildi. Dəyişikliyə görə, bir şəxs maksimum iki dəfə baş nazir seçilə bilərdi. 2007-ci ildə yenidən baş nazir seçilmək ehtimalı yarananda Pakistana qayıtmaq istədi, ancaq situasiya o qədər də əlverişli deyildi. Bənazir Bhutto “Əl-Qaidə”nin təhdidlərinə və ətrafının xəbərdarlıqlarına baxmayaraq Pakistana qayıtdı.

Qeyri-müəyyən gələcəyə doğru

“Əl-Qaidə” seçki kampaniyasında iştirak etmək istəyən Bənazir Bhuttonu ölümlə hədələdi. Pərviz Müşərrəf ondan qayıdışını təxirə salmasını və əfvi ilə bağlı Ali Məhkəmənin qərarını gözləməsini istədi, lakin Bənazir Bhutto bununla razılaşmadı. Yalnız özü və ölkəsi üçün deyil, bütün dünya üçün olan təhlükələrdən xəbərdar olduğunu söyləyən Bənazir Bhutto Pakistana qayıdanda öldürüləcəyinin fərqində idi.

Bhutto Pakistana qayıdışına etiraz edənlərə bu cavabı vermişdi:

“2007-ci ildə Pakistanda məni gözləyən qeyri-müəyyən bir gələcəyə qayıtmağa hazırlaşıram. Yalnız özüm və ölkəm üçün deyil, bütün dünya üçün olan təhlükələri çox yaxşı bilirəm. Düşünürəm ki, həbs oluna bilərəm. Bilirəm ki, qayıdanda hava limanının enmə zolağında məni vura bilərlər. Hər şeydən əvvəl “Əl-Qaidə” neçə dəfə məni öldürməyə cəhd edib. Niyə bu qədər nifrət etdikləri demokratik seçkilər üçün qayıdanda, yenə də buna cəhd etməsinlər?! Ancaq etməli olduğumu edəcəyəm və Pakistan xalqının demokratiya həsrətini bölüşmək üçün onlarla birlikdə olmaq vədini yerinə yetirərək, ölkəmə qayıtmağa qərarlıyam. Bu riski bütün Pakistan uşaqları üçün gözə alıram”.

On beş yaşlı Bilal

Bənazir Bhutto səkkiz illik mühacirətdən sonra – 2007-ci il oktyabrın 18-də Pakistana qayıtdı və tərəfdarları tərəfindən böyük coşqu ilə qarşılandı. Elə həmin gün bir silahlı hücumun hədəfi oldu. Bənazir Bhuttonun yarasız qurtulduğu hücumda 138 nəfər həyatını itirdi, 248 nəfər yaralandı. Lakin 2007-ci il dekabrın 27-də Ravalpindidəki seçki mitinqində 15 yaşlı kamikadze tərəfindən öldürüldü. Hadisədən on il sonra Pakistan Talibanının liderlərindən biri Əbu Mənsur Asim Müfti Nur Vəli kitabında Bənazir Bhuttoya qarşı həyata keçirilən sui-qəsdin məsuliyyətini təşkilatının üzərinə götürdüyünü yazdı.

Sirli qətl

Bir müsəlman ölkəsini idarə edən ilk qadının həyatına Bilal adlı 15 yaşlı kamikadze son qoydu. Ravalpindidəki seçki mitinqindən sonra kamikadze konvoya yaxınlaşdı, əvvəlcə Bhuttonu vurdu, sonra özünü partladı. On il sonra Pakistan Talibanı iddia etdi ki, Bilala hücum əmrini o vermişdi. Bhuttonun ölümü üçüncü dəfə baş nazir olmaq istədiyi zaman baş vermişdi. Onun öldürülməsi Pakistanda kütləvi vətəndaş itaətsizliyinə yol açdı. Bhuttonun tərəfdarları küçələrə çıxdı, yolları bağladı, şəhərləri yandırdı və Pakistan hakimiyyəti əleyhinə şüarlar səsləndirdilər.

On il sonra o vaxtkı baş qərargah rəisi Pərviz Müşərrəf ölkənin siyasi sistemindəki tanınmış şəxslərin Bhuttonun öldürülməsində rol oynadığını iddia etdi. Ölkədəki bəzi dominant qüvvələrin qətl hadisəsi ilə əlaqədar Talibanla əlaqə qurma ehtimalının olub-olmadığı soruşulduqda general Müşərrəf belə cavab verdi: “Bəli, bu bir ehtimaldır. Çünki o dövrdə cəmiyyət dini zəmində qütbləşmişdi”.

O, bu amillərin Bənazir Bhuttonun qətlinə təsir göstərə biləcəyini söylədi. Əlində bununla bağlı məlumatın olub-olmadığı soruşulanda Pakistanın keçmiş rəhbəri bunları dedi: “Məndə faktlara dair bir məlumat yoxdur. Məncə, gəldiyim nəticə doğrudur. Qərbə yaxınlığı ilə tanınan bir qadına şübhəli bir nəzərlə baxırlar”.

Müşərrəf ittiham qarşısında

Bhutto işi ilə əlaqədar olaraq Müşərrəfin özünə qarşı da sui-qəsd və qətl hazırlamaq ittihamları irəli sürülüb. Müşərrəfin Vaşinqtonda olan səkkiz illik mühacirətini könüllü bitirməsindən üç həftə əvvəl – sentyabrın 25-də Bhuttoya zəng etdiyi bildirildi. Bhuttonun uzun müddət köməkçisi olan Mark Siqal və jurnalist Ron Züskind - hər ikisi telefon zəngi gələndə Bhutto ilə birlikdə olduqlarını iddia etdi. Siqalın sözlərinə görə, telefon danışığından sonra Bhutto Müşərrəfin onu hədələdiyini, Pakistana qayıtmamasını tələb etdiyini deyib. Müşərrəf məlum telefon danışığında Pakistana qayıtdıqdan sonra baş verənlərə görə onun məsuliyyət daşımayacağını bildirib. Lakin Pərviz Müşərrəf belə bir zəngin olduğunu inkar edir və qətl üçün sifariş verdiyini qəbul etmir.

Pakistanın keçmiş lideri bununla bağlı suala belə cavab vermişdi: “Açığı, buna gülürəm. Niyə onu öldürməli idim?”.

Müşərrəfə qarşı irəli sürülən ittihamlar Dubaya qaçdıqdan sonra qüvvədən düşdü. Bənazir Bhuttonun oğlu və siyasi varisi Bilaval isə hələ də anasının qətlində Müşərrəfi günahkar hesab edir: “Müşərrəf anamın öldürülməsi üçün bütün vəziyyətdən sui-istifadə etdi. Təhlükəsizliyini qəsdən sabotaj etdi ki, öldürülərək siyasi səhnədən silinsin”.

Pandoranın açılmayan qutusu

Müşərrəfin işi təxirə salındıqdan sonra digər şübhəlilər də günahsız elan edildi. Digər şübhəlilər də dəlil çatışmazlığı səbəbindən təqsirkar bilinmədi.

15 yaşlı Bilalı Bhuttoya çatdıran iki şəxs 2008-ci il yanvarın 15-də qətlə yetirildi. Bhuttonun mühafizəçilərindən biri Xalid Şahənşah 2008-ci il iyulun 22-də Kəraçidəki evinin qarşısında öldürüldü. Bhuttonun işini araşdıran prokuror Çoudxuri Zülfüqar Əli 2013-cü ildə İslamabaddakı evinin qarşısında odlu silahdan açılan atəş nəticəsində həyatını itirdi. İddiaya görə, Zülfüqar ölümündən əvvəl dostlarına Bhutto məsələsində yeni faktlar əldə etdiyini demişdi.

Bir neçə ildir aparılan araşdırmalara baxmayaraq, hələ də sui-qəsdin kimlər tərəfindən həyata keçirildiyi tam olaraq gün işığına çıxmayıb. Tərəfdarlarına görə isə, bu, Bənazir Bhuttonun mühakiməsiz edamı idi.