Manukyanın nə deməsindən asılı olmayaraq reallıq ortadadır - Açıqlama

23 Fevral 2021 21:25 (UTC+04:00)

Erməni müxalifəti Rusiyadan daha çox bəhrələnmək üçün onu Qərblə şantaj etməyə çalşır. Əslində böyük qardaş adlandırdıqları Rusiya onları nə qədər özündən uzaqlaşdırsa da, onlar bundan əl çəkən deyil. Ermənilər satqın, xəyanətkar bir toplum kimi region xalqlarına qarşı bir növ istifadə üçün alətdir. Ona görə də, onların mövcudluğu hələ kimlər üçünsə lazımdır. Eyni zamanda Ermənistandakı “Qarabağ klanı" və “revanşistlər” öz mövcudluqlarını qorumaq üçün bundan yararlanmağa çalışır.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Elman Məmmədov deyib.

Onun sözlərinə görə, bu gün Ermənistanın bütün sərhədləri Rusiya tərəfindən qorunur: “Ona görə də Vazgen Manukyan kimilərin nə deməsindən asılı olmayaraq reallıq ortadadır. Onlar sadəcə özlərini qorumağa çalışır. Belə bir məqamda isə Azərbaycana qarşı kimlərdənsə daha çox istifadə etmək niyyətindədirlər. Çox vaxt diplomatik hiylələrə əl atırlar. Sadəcə özlərini üzdə Qərb meyilli göstərirlər. Əsl reallıq isə başqadır”.

Deputat 44 günlük müharibədə Ermənistanı məhz bu gün arxa çevirmək istədiyi istiqamətlər məhv olmaqdan qurtardı: “Ermənistanda son mitinqdə “Qarabağ klanı"nın səsləndirdiyi şüarların isə heç bir ciddi əsası yoxdur. Özləri də bunu yaxşı dərk edir. Bunlar sadəcə erməni cəmiyyətində etimad qazanmaq niyyətinə hesablanıb. Onlar da mövcud reallığa uyğun siyasi kurs tutmağa çalışırlar. Əgər çıxış etdikləri auditoriya Qərb meyillidirsə, daha çox bu istiqamətə yönəlirlər. Rusiya meyilli tərəfdə isə tamamilə yeni bir istiqamət götürürlər”.

Elman Məmmədovun fikrincə, Ermənistandakı siyasi düşərgədə olanların da dərk etdiyi reallıq odur ki, Qafqazda onlara dövlət yaratmağa yardım edən kimdir: “Onlar sadəcə Qərbə ona görə meyilli görünməyə çalışırlar ki, müəyyən dividentlər əldə etsinlər”.