Tarixi faktlar üzə çıxır: 3 dövlətin arxivi açılmalıdır - Açıqlama

24 Fevral 2021 09:05 (UTC+04:00)

1920-ci ildə Sovet Rusiyası və Antanta dövlətləri birləşərək Azərbaycan ərazisində Ermənistan adlanan bir dövlət yaratdılar. Bu vaxta qədər isə erməni adında bu ərazidə dövlət olmayıb. Ermənistan adında dövlət yaradıldıqdan sonra ermənilər Azərbaycan ərazisində maddi-mədəni irsin özününküləşdirilməsi, mənimsənilməsi, dağıdılması kimi çirkin niyyətlərə əl atıb.

Bunu Teleqraf.com-a Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatının sədri Faiq İsmayılov deyib.

Onun fikrincə, ermənilər əsasən xristianlığa qədər və xristianlıq dövrü Qafqaz Albaniyası memarlıq abidələrinin mənimsənilməsinə xüsusi diqqət ayırıblar:

“150-200 il bu proses davam edib. Həmin ərazilərdə Azərbaycan xalqına məxsus tarix, mədəniyyət abidələri ermənilər tərəfindən özününküləşdirilməyə başlanılıb. Eyni zamanda bu abidələrdən nə qədərinin günümüzə qədər gəlib çatdığı hələ dəqiq deyil. Tarixi Azərbaycan ərazisində və indiki Ermənistan ərazisində 1295 məscid olub. Bu məscidlərin mövcudluğu da göstərir ki, ərazidə İslam dininə inananların, türklərin sayı olduqca çox olub”.

"Gecikmiş tələblərimizin yenidən gündəmə gətirilməsi ermənilərə necə təsir edə bilər? Bu da ayrı bir mövzudur. Bu, faktlara əsaslanmalıdır. Amma vaxtaşırı bununla bağlı araşdırmalar aparılıb. Beynəlxalq təşkilatlara, məhkəmələrə müraciət olunmalıdır. Bir xalqı etnik təmizləməyə məruz qoyub, onun mədəni irsini mənimsəyib, formasını dəyişdirmək yolverilməzdir. İndiki Ermənistan ərazisində bəzi tarixi abidələr var ki, onlar ilkin görkəmindən məhrum olub. Mehri şəhərində azərbaycanlılara məxsus tarixi məscid dəyişdirilərək erməni kilsəsi kimi istifadə olunur”, -deyə təşkilat sədri bildirib.

F. İsmayılov araşdırmaların və faktların yenidən gündəmə gətirilməsinin vacibliyini önə çəkib:

“Abidələrin, memarlıq quruluşu onun hansı xalqa, millətə məxsusluğunu sübut edir. Bunu istər yerli, istərsə də, xarici ekspertlər təsdiqləyir. Azərbaycan ərazisində mövcud olan bütün xristian abidələrinin Qafqaz Albaniyasına məxsusluğunu beynəlxalq ekspertlər təsdiq edib. Ermənilər abidələri orijinal görkəmindən məhrum etsələr də, daxili quruluşu, interyeri qalıb. Bu əsas faktlardan biridir. Bundan başqa Ermənistanın, Rusiyanın, Gürcüstanın dövlət arxivi araşdırılsa, kifayət qədər faktlar ortaya çıxa bilər”.