ABŞ-dan qəribə iddia: “Biz verirdik, Türkiyə istəmədi”

24 Fevral 2021 10:45 (UTC+04:00)

“Türkiyənin ABŞ-dan “Patriot” sistemləri almaq imkanı vardı, amma Rusiyadan “S-400” aldı”.

Teleqraf.com xəbər verir ki, bunu ABŞ Müdafiə Nazirliyinin sözçüsü Con Kirbi deyib.

“Türkiyənin “F-35” proqramındakı rolu hələ də gözləmədədir. Türkiyəni bir daha “S-400” məsələsindəki mövqeyinə görə xəbərdar edirik”, - Kirbi bildirib.

Pentaqon sözçüsü Türkiyənin “Patriot” hava müdafiə sistemləri almaq imkanlarının olduğunu iddia edib: “Lakin bunun əvəzinə Rusiyaya gəlir təmin edən “S-400”-ü seçdilər”.

Qeyd edək ki, ABŞ-ın keçmiş prezidenti Barak Obamanın hakimiyyəti illərində Türkiyə ilə yaşanan “Patriot” gərginliyi Donald Trampın dövründə davam etmişdi. Hər iki prezidentin dönəmində ABŞ Türkiyəyə “Patiot” sistemləri satmaqdan imtina etmişdi. Öz təhlükəsizliyini təmin etmək istəyən Türkiyə Rusiyadan “S-400” sistemləri almağa məcbur olmuşdu.