“Azərbaycanın Naxçıvanla birbaşa əlaqəsi olsa...” – Rusiyalı ekspert

25 Fevral 2021 16:10 (UTC+04:00)

"Hər kəs Naxçıvan və Ermənistan ərazisindən keçən bir dəmir yolunun açılmasında maraqlıdır”.

Teleqraf.com xəbər verir ki, bunu Rusiyanın Geoenergetika.info jurnalının baş redaktoru, siyasi ekspert Boris Martsinkeviç deyib.

O, bölgədəki kommunikasiyaların blokadadan çıxarılmasının region ölkələrinin marağını əks etdirdiyini bildirib.

Ekspert qeyd edib ki, Türkiyə də daxil olmaqla hər kəs Naxçıvan və Ermənistan ərazisindən keçən bir dəmir yolunun açılmasında maraqlıdır.

Martsinkeviçin sözlərinə görə, Azərbaycanın Naxçıvanla birbaşa əlaqəsinin olması üçün dəmir yolu bərpa edilməlidir. Onun fikrincə, Azərbaycandan çəkiləcək dəmir yolu Ermənistanda davam edərsə, o zaman Ermənistanla Türkiyə arasındakı dəmir yolu rabitəsindən istifadə etmək mümkün olacaq.

“Gürcüstanın ərazisindən keçərək Xəzər dənizinin limanlarına çıxış imkanı var. Əgər malların ikinci dəmir yolu xətti ilə göndərilməsi mümkün olarsa, bu, hər kəsin marağına uyğun olacaq, Türkiyənin də buna marağı göz qabağındadır. Yəni hamı maraqlıdır, ortaq bir dil tapmaq qalır”, - Martsinkeviç söyləyib.