Kəşfiyyat Paşinyana dəstək verdi – Qiyamçı qüvvələrə sərt xəbərdarlıq

25 Fevral 2021 15:26 (UTC+04:00)

Ermənistan Milli Təhlükəsizlik Xidməti mövcud daxili siyasi vəziyyətlə bağlı açıqlama yayaraq vətəndaşları sakit olmağa və milli təhlükəsizliyi təhdid edən hərəkətlərdən çəkinməyə çağırıb.

Teleqraf.com xəbər verir ki, təhlükəsizlik xidməti hər hansı bir qanunsuz addımın hüquq-mühafizə orqanları tərəfindən qətiyyətlə yatırılacağı barədə xəbərdarlıq edib.

“Vətəndaşları təxribat xarakterli hərəkətlərə boyun əyməməyə, asayiş və sayıqlığa riayət etməyə çağırırıq. Ermənistanın dövlət qurumları öz funksiyalarını tam yerinə yetirirlər. Milli Təhlükəsizlik Xidməti bu cür hərəkətlərin Ermənistan Respublikasının təhlükəsizliyini təhdid edə biləcəyi və bu kimi hər hansı bir addım ola biləcəyi barədə xəbərdarlıq edir”, - açıqlamada bildirilib.

Açıqlamada o da qeyd edilib ki, ölkənin təhlükəsizliyinə qarşı atılacaq hansısa bir addım dövləti zəiflətmək cəhdi kimi qəbul olunacaq.

Qeyd edək ki, Ermənistandakı siyasi böhran Silahlı Qüvvələrin Baş Qərargahının Baş nazir Nikol Paşinyanın istefasını tələb etməsindən sonra daha da pisləşib. Bu açıqlamadan sonra baş nazir baş qərargah rəisi Onik Qasparyan və onun birinci müavini general-leytenant Tiran Xaçatryanı istefaya göndərib.