Anlamadılar ki, Tanrı əmanətinə toxunmaq olmaz...

26 Fevral 2021 00:24 (UTC+04:00)

Hər dəfə Xocalını xatırlayanda öncə ağlıma qadınlar gəlir. Qarda, çovğunda ayaqyalın, başıaçıq qaçan, qovulan Qadın...

Xocalı mənimçün bir şəhər, bir ərazi olmaqdan öncə Qadın ağrısıdır. Düşməndən və Qorxudan qaçan, dəhşətdən və vəhşətdən, vahimədən gözləri böyümüş, doğmaları, ciyərparaları üçün ürəyi paralanmış Qadın Əzabı, Yarası, İşgəncəsidir.

Xocalını çəkmək, daşımaq çox çətindi, çox ağırdı. Belə əzabı, dərdi, acını təsəvvür etmək mümkün deyil. Çəkməyən, daşımayan anlamaz, bilməz...

Xocalıyla bağlı Bakıda ucaldılan abidə də “Ana harayı”dı. Elə beləcə, Ana Harayı... Qadın naləsi...

Xocalını ildönümlərdə, ildə ən azı 1 dəfə ananda, yüzlərlə dəfə yada salanda, hər yada saldıqca min yol ölüb diriləndə qadın siması gələr gözümüzün önünə...

Şahid şəhərin şəhid qadınları...

İnsan əzabının, qadın əzabının canlı abidələri.

Statistikanı da xatırlayarıq hər dəfə. Rəqəmləri sayarıq. O müdhiş gecədə 613 nəfər Xocalı sakini qətlə yetirilib. 106-ı qadın, 63-ü uşaq, 70-i qoca-ahıl olmaqla...

Bu, xüsusi amansızlıqla qətlə yetirilənlərin bizə məlum olan sayıdır. Bəs, əsir aparılanlar?

Əslində xüsusi amansızlıqla qətl edilən o 613 nəfər də, əsir aparılanlar da hər biri Qadın Əzabıdır. Uşaqları öldürüləndə də Analar ölüb onlarla bərabər; böyüklər öldürüləndə də Qızları ölüb onlarla yanaşı. Ərləri, qardaşları öldürələndə də Qadınlar ölüb onlarla yan-yana.

Hansı üzündən, hansı tərəfindən baxsan, Qadın dərdiylə doludur Xocalı, Qadın ağrısıdır...

Şəhərə xain hücum zamanı 1275 nəfər əsir götürülüb. Onlardan 150 nəfərin taleyi barədə bu günədək məlumat yoxdur. 150 nəfərin 68-i qadın, 26-ı uşaqdır. Bax, o 1275 soydaşımızın acısı da Qadın acısıdır. Əsirlikdə qul kimi işlədilən, ölən, öldürülən, aqibətindən bixəbər olduğumuz hər azərbaycanlının faciəsi qadınlıq, analıq, insanlıq faciəsidir...

Yox, yalnız qətliam, soyqırımı deyib keçmək olmur. Olmaz. Daha betəridir. Qadınlığın öldürülməsi, Qadınlığa təcavüzdür Xocalı faciəsi...

Qadın yalnız öldürüləndə ölmür ki...

Qadın söyüləndə də ölür, təhqir ediləndə də, təcavüz ediləndə də, qul kimi işlədiləndə də, evindən-yurdundan didərgin salınanda da, elinə-obasına həsrət qalanda da...

Hər biri qətldir, ölümdür qadın üçün...

Xocalının dərdi, ağrısı özündən ağırdı.

Mən bu Ağrıların arasında bilirsiz daha çox kimləri düşünürəm? Ermənistandakı qadınları. Əsir götürülən azərbaycanlı qadınları... Xocalıdan, Kəlbəcərdən, Laçından... düşmən əlinə keçmiş qadınlarımızı...

Torpaqlarımızı aldıq, çox şükür. İşğal olunmuş ərazilərimizin 80 faizini azad etdik. Yerdə qalanı da bizimdi. 44 günlük Vətən savaşı ilə qisasımızı aldıq. Düşmənin gözünü, ruhunu qırdıq. Özümüzün sındırılmış ruhumuzu, qürurumuzu, şərəfimizi qaytardıq torpaqlarımızla birgə.

O qədər misilsiz, sevindirici Qələbədir ki! İlahi Ədalətdir həm də!

Amma... Bəs taleyi sual altında olan əsir-girov soydaşlarımız, qadınlarımız?! Onları nə edək, necə edək, işğaldan, girovluqdan necə azad edək?

Bir müddət öncə qara paltarlı bir ananın – nisgilli bayatı söyləyən azərbaycanlı qadının sosial şəbəkələrdə yayılan videosu yadınızdadı? Erməni əsirliyində olduğu bildirilirdi. Necə dəhşətli bir videoydu, yadınızdadır?!

Xocalı həm də o Qadındır, o qadınlardır. Erməni vandallarının qul kimi, əsir kimi işlətdikləri, işgəncə verdikləri o bədbəxtlərdir Xocalı. Qətliam həm də onlardır.

Ömür hər kəsə bir dəfə verilir. Cəmi bircə dəfə. Təsəvvür edin ki, o ömrü girov kimi, insanlıqdan uzaq, doğmalarından, sevdiklərindən uzaq bir şəraitdə başa vurasan - insan haqqın, yaşamaq haqqın, seçmək haqqın, sevmək-xoşbəxt olmaq haqqın tanınmaya...

Bu zülmü, zilləti mənim insanlarıma, qadınlarıma yaşadır düşmən. Bu günədək 1-ci Qarabağ savaşında əsir götürülmüş 5 minə yaxın insanın taleyi hələ də bəlli deyil. Sağdırlarmı, öldürülüblərmi, başlarına nə oyunlar açılıb, bilinmir. O vətəndaşlarımızın aqibətini öyrənmək, Vətənə dönüşünü təmin etmək üçün müvafiq dövlət qurumları illərdir mücadilə aparır.

Nəticə hələ ki, yoxdur...

Amma məncə, ermənilər anlamalıdır ki, onları müzəffər Ordumuzla yanaşı, həm də həyatlarını, talelərini zorakılıqla, zorbalıqla tar-mar etdikləri o İnsanlarımızın – Qadınlarımızın ahı, naləsi, köməksizliyi, çarəsizliyi məğlub etdi.

Ermənilər anlamadılar ki, Qadın həm də Şərəfdir, Namusdur, Qeyrətdir!

Sən ona əl uzadarsansa, o Qadının qucağında o torpaqdan çıxanlar həm də o Qadına görə, Şərəfə, Namusa görə qayıdacaq – fərqi yoxdur, tank üstündə, ya da əliyalın...

Sən o Qadına əl uzadarsansa, əlbəttə o Qadının övladlarını güllə ilə öldürə bilməyəcəksən, Onlar üstünə qanı axa-axa, əliyalın gələcək, dişiylə boğazını üzəcək;

Ermənilər bunu anlamadılar və heç vaxt da anlamayacaqlar. Kim Kardaşyanla fəxr edən bir millət heç vaxt Qadının nə olduğunu dərk etməyəcək!

Ermənilər anlamadılar və heç vaxt da anlamayacaqlar ki, düşmənçiliyi də kişi kimi apararlar, kişi ilə apararlar.

Qadın Tanrının əmanətidir. O əmanətə toxunulanda Tanrının Cəza Ordusu mütləq üstünə gələcək.

Bizim Qələbəmiz yalnız Şəhidlərimizin və Qazilərimizin qələbəsi deyil. Həm də əsir götürüldükdən sonra barələrində heç nə bilmədiyimiz o insanlarımızın, qadınlarımızın qələbəsidi...