ABŞ İranın Suriyadakı hərbi obyektlərinə aviazərbələr endirdi

26 Fevral 2021 08:25 (UTC+04:00)

ABŞ Suriyada İranın Silahlı Qüvvələrinə məxsus olduğu bildirilən hərbi obyektlərə hava zərbələri endirib.

Teleqraf.com xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Məlumata görə, aviazərbələr ABŞ-ın İraqdakı obyektlərinə endirilmiş hücumlara cavab olub. “Reuters” bildirib ki, ABŞ prezidenti Cozef Bayden hava zərbəsinin endirilməsini bəyənib.

Öz növbəsində Pentaqon da faktı təsdiqləyib. ABŞ-ın Müdafiə Nazirliyində bildiriblər ki, əsas hədəf iranyönlü silahlıların obyektləri olub. Qeyd edilir ki, hava zərbələri prezident Cozef Baydenin əmri ilə ABŞ-ın İraqdakı qüvvələrinin raket hücumlarına məruz qalmaları fonunda endirilib. Bununla da ABŞ gələcək hücumların qarşısını almağa çalışır.

"Politico" isə bildirib ki, ABŞ iranyönlü döyüşçülərin istifadə etdiyi binaya hava zərbəsi endirib. Zərbə nəticəsində bir neçə bina dağılıb. Pentaqon məlumatı təsdiqləyib.

Xatırladaq ki, fevralın 22-də Bağdadın “yaşıl zona” adlandırılan hissəsi raket atəşinə məruz qalıb. “Al Arabiya” telekanalının məlumatına görə, şəhərin bu hissəsində dövlət idarələri və xarici diplomatik nümayəndəliklər, həmçinin ABŞ səfirliyi yerləşir. Əraziyə azı üç reaktiv mərmi buraxılıb.