Premyer Liqa: "Qarabağ" "Qəbələ"ni qəbul edəcək

2 Mart 2021 08:25 (UTC+04:00)

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XVIII tura start veriləcək.

Teleqraf.com xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçiriləcək.

Turun açılış matçında "Səbail" "Keşlə"ni qəbul edəcək. "ASCO Arena"dakı görüşü FIFA referisi Əliyar Ağayev idarə edəcək.

Hazırda "dənizçilər" 16 xalla 6-cı, qonaqlar isə 15 xalla 7-cidir. Komandalar indiyədək Premyer Liqada 13 dəfə üz-üzə gəliblər. Bunların 7-də "Səbail", 3-də isə "Keşlə" meydanı 3 xalla tərk edib. Topların nisbətində də meydan sahibləri üstündür - 16:11. “Keşlə” 5 oyundur ki, bu rəqibi üzərində qələbə qazana bilmir. “Səbail” isə son 3 ev matçında qalib gəlməyib.

"Dənizçilər"dən Urfan Abbasov sarı vərəqə limitini doldurduğu üçün görüşdə iştirak etməyəcək.

Günün digər matçında son çempion "Qarabağ" "Qəbələ"ni qəbul edəcək. "Azersun Arena"dakı oyunda Kamal Umudlu baş hakim olacaq.

Hazırda 33 xalı olan Ağdam təmsilçisi "Neftçi" ilə birlikdə 1-2-ci yerləri bölüşdürür. "Qırmızı-qaralar" isə 21 xalla 5-ci pillədə qərarlaşıb. Çempionatda komandaların 48 görüşündən 24-də "köhlən-atlar", 10-da isə qonaqlar qələbə qazanıb. Topların nisbətində də "Qarabağ"ın aşkar üstünlüyü var - 68:42. 10 matçdır Premyer Liqada rəqibinə uduzmayan “Qarabağ” son 9 oyunda meydanı qolsuz tərk etməyib. “Qəbələ” isə son 4 səfər matçında xal qazana bilmir.

Ağdam klubunda Kevin Medina cəza, Rahil Məmmədov isə zədə səbəbindən oyunu buraxacaq. "Qırmızı-qaralar"da isə Cavid Hüseynov və Rafael Utriq cəzalıdır.

2 mart (çərşənbə axşamı)

16:00. “Səbail” –“Keşlə”
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Zeynal Zeynalov, Rəhim Həsənov
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Aslan Şahgəldiyev
“ASCO Arena”

18:15. “Qarabağ” – “Qəbələ”
Hakimlər: Kamal Umudlu, Kamran Bayramov, Eyyub İbrahimov, Rövşən Rəcəbov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Mübariz Hüseynov
“Azersun Arena”.

Qeyd edək ki, turun digər iki matçı martın 3-də olacaq. "Neftçi" "Sabah"ı, "Sumqayıt" isə "Zirə"ni qəbul edəcək.