Paşinyandan prezidentə şok həmlə: “Vətəndaş müharibəsi deməkdir”

2 Mart 2021 11:40 (UTC+04:00)

“Ölkədəki qeyri-sabit vəziyyətə baxmayaraq Ermənistan hökumətinin başçısı Nikol Paşinyan hələ bir müddət hakimiyyəti öz əlində saxlayacaq”.

Teleqraf.com xəbər verir ki, bunu erməni politoloq Yervand Bozoyan deyib.

Onun sözlərinə görə, Paşinyan hakimiyyətini qorumaq üçün əvvəllər təsəvvür etmək çətin olduğu yerlərdə münaqişələr yaratmağa çalışır.

Bozoyan qeyd edib ki, bunu hakim “Mənim addımım” blokunun Prezident Armen Sərkisyana impiçment prosedurunun başlama ehtimalı ilə bağlı açıqlamaları da sübut edir:

“Armen Sərkisyan yəqin ki, bitərəf qalan yeganə fiqurdur. Ancaq Paşinyan hətta onu da münaqişəyə sürükləmək istəyir. Bu, onun üslubudur. O, yüksək dərəcədə təbii aqressivliyə sahib olan, münaqişə yaradan insandır, onun bütün mahiyyəti budur”.

Ekspert baş nazirin uzun müddət hakimiyyətdə qalmayacağına əmindir: “Son dərəcə fərqli siyasi mövqelərə malik insanlar belə ona qarşı çıxırlar”.

Yervand Bozoyan Paşinyanın erməni xalqının arzularını məhv etdiyini, Ermənistanın dövlətçiliyinin gələcəyini şübhə altına atdığını deyib.

Politoloq mövcud hökumət də daxil olmaqla, bütün siyasi qüvvələrin nəyin bahasına olur-olsun erkən seçkilərin keçirilməsinin vacibliyi ilə razılaşmır:

“Bu, hökumət üçün məğlubiyyət hökmü olacaq. Qazanmaq üçün hər şeyi edəcək, bu səbəbdən seçkilərin təşkil edilməsinə icazə verilməməlidir. Ölkədəki vəziyyət o qədər gərgindir ki, seçkilər sadəcə Ermənistanda vətəndaş müharibəsinə səbəb ola bilər”.

Xatırladaq ki, bundan əvvəl “Mənim addımım” fraksiyasından olan deputat Vaaqn Ovakimyan fraksiyanın prezidentə qarşı impiçment proseduruna başlaya biləcəyini deyib. Səbəb Prezident Armen Sərkisyanın baş qərargah rəisi Onik Qasparyanın vəzifəsindən kənarlaşdırılması barədə baş nazirin vəsatətini imzalamaqdan imtina etməsidir.