İrəvanda Azərbaycan xalçalarının nümayişi: UNESCO buna etiraz etməlidir

3 Mart 2021 14:56 (UTC+04:00)

Ermənistan bir sıra təxribatçı əməllərə əl atır. Azərbaycan xalçalarının oğurlanaraq İrəvanda nümayiş olunması absurd bir məsələdir. Bu, Azərbaycan xalqına, tarixi köklərə əsaslanan bir sənət nümunəsidir. Onu mənimsəmək və özününküləşdirmək cəhdləri yolverilməzdir. İşğal müddətində ermənilər xalqımıza məxsus bir sıra tarixi, mədəni abidələri dağıdıb. Milli-mənəvi dəyərlər sistemimiz ermənilər tərəfindən məhv edilməsi üçün cəhdlər olunub.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

Deputat bildirib ki, xalçalarımız da erməni xislətindən kənarda qalmayıb: “Minilliklər xalçaçılıq Azərbaycan xalqının həyatında mühüm yer tutub. Hər bir bölgəmizin xalçaçılıqla bağlı öz xarakterik xüsusiyyətləri var. Qarabağ, Gəncə, Quba, Qazax xalçaları öz ornamentləri ilə tanınır. Bu işdən uzaq olan adamlar da çox asanlıqla Azərbaycana məxsus xalçaları ayırd edə bilir. Amma buna baxmayaraq, Ermənistan tərəfi yenə də öz çirkin xislətindən əl çəkmir. 30 illik işğal dönəmində ermənilər dəfələrlə hətta xarici ölkələrdə, müxtəlif platformalarda Azərbaycana məxsus xalçaları sərgilərə çıxarmağa çalışıb. Sözsüz ki, buna layiqli və tutarlı əsaslarla cavab verilib. Sadəcə olaraq bu gün bütün dünyada mədəni irsin qorunmasında, xalqlara məxsus müxtəlifliyin saxlanılmasında məsul olan təşkilatlar susqunluq nümayiş etdirir”.

Ceyhun Məmmədov UNESCO və digər beynəlxalq əhəmiyyətli təşkilatların buna təcili şəkildə etiraz etməli olduğunu söyləyib: “Azərbaycan xalqının milli-mənəvi dəyərlərinə sahib çıxmaq onu mənimsəmək yol verilməzdir. Şuşa, Kəlbəcər, Laçından və digər ərazilərimizdən oğurlanan xalçalarımızın İrəvanda muzeydə sərgilənməsi, bunun erməni xalçası kimi təqdimatı təxribatdır. 10 noyabrdan sonra düşünülən o idi ki, erməni tərəfi yaşadığı acı məğlubiyyətin təsirindən və yaranmış reallıqdan kənara çıxmayacaq. Amma görünən odur ki, erməni xisləti heç bir halda özünü gizlədə bilmir. Azərbaycana qarşı təxribatlar davam edir. Bu təxribatlar tək Azərbaycan xalqına məxsus xalçaların İrəvanda nümayiş olunması ilə bitmir. Erməni əsgərlərinin mülki geyimdə sülhməramlıların nəzarətindən keçirərək Qarabağa xidmətə göndərilməsi cəhdləri var. Bu da sözsüz ki, erməni təxribatının növbəti tərəfidir. Sözsüz ki bütün bunlara Azərbaycan tərəfinin ciddi etirazı var. Zaman etibarilə bu məsələlər də öz həllini tapacaq”.