Neft qiymətində kəskin artım: Davam edəcək, yoxsa?.. - Deputat

5 Mart 2021 13:11 (UTC+04:00)

“Səudiyyə Ərəbistanı ilə “OPEC+” ölkələrinin bu ilin aprel ayında da hasilatın artırılmaması ilə bağlı ilkin anlaşma müzakirələri neftin dünya bazar qiymətinə təsirsiz ötüşmədi. Artıq Brent markalı neftin 1 barelinin qiyməti 67 dollardan baha satılır. Pandemiyadan sonra ilk dəfə neftin qiyməti 70 dollarlıq pisxoloji həddə yaxınlaşmaqdadır”.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib.

O hesab edir ki, "OPEC+" ölkələri tərəfindən aprel ayından gündəlik neft hasilatı 1,4 milyon barel artırsa belə, bazarda təklifi kəskin artırmayacaq: “Bu isə həmin halda belə qiymət tarazlığının qorunub saxlanmasına imkan verəcək.

Gündəlik neft ixracatı 688,8 min barel təşkil edən Azərbaycan üçün neftin dünya bazar qiymətinin yüksəlməsi ölkəyə daxil olan valyutanın həcminin artması baxımdan arzuolunandır. 2021-ci ilin dövlət büdcəsində 1 barel neftin qiymətinin 40 dollar müəyyənləşdirildiyini nəzərə alsaq, neftin illik orta qiyməti yüksək olarsa, Dövlət Neft Fonduna daxilolmaları artıracaq və valyuta ehtiyatlarımız çoxalacaq.

Bu baxımdan neft bazarındakı son tendensiya bütövlükdə neft ölkələri üçün arzuolunan dəyişiklikdir.

Öncə də qeyd etdiyimiz kimi, bütün bununla yanaşı, “OPEC+” anlaşmasına rəğmən, neftin qiymətinin 2021-ci ildə necə dəyişməsi birbaşa pandemiyanın miqyasından asılı olacaq”.