İşğalçı erməni ordusunun qurucusu: “Onlar Paşinyanı devirmək istəmirlər”

6 Mart 2021 19:02 (UTC+04:00)

Ermənistan Silahlı Qüvvələri çevriliş üçün nəzərdə tutulmayıb, ölkənin təhlükəsizliyinə görə məsuliyyət daşıyır.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın işğalçı ordusunun qurucularından biri, təqaüddə olan general-leytenantı Norat Ter-Qriqoryants deyib.

O, Silahlı Qüvvələrin Baş Qərargahının Baş nazir Nikol Paşinyanı devirmək niyyətində olmadığına inandığını bildirib.

Qriqoryantsın sözlərinə görə, bu halda ordu ifşa olunur, mənəvi və döyüş ruhu, döyüş effektivliyi və döyüş hazırlığı pozulur. Ter-Qriqoryants hesab edir ki, böyük ehtimalla qərargah rəisi Onik Qasparyanın məğlubiyyətdən sonra yaranmış ağır durumdan bezdiyinə görə baş naziri istefaya çağıran bəyanat verib.

Ter-Qriqoryants ordunun siyasətlə əlaqəli olmadığını vurğulayıb, bu vəziyyətdə heç kimə dəstək vermədiyini deyib.

Xatırladaq ki, Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahı fevralın 25-də siyasi rəhbərliyin dövləti təhlükəli yönə apardığını bildirərək, Baş nazir Nikol Paşinyanın istefasını tələb edib. Bundan sonra ölkədə siyasi böhran daha da pisləşib. Baş nazir bu addımı “çevriliş cəhdi” adlandıraraq, Onik Qasparyanın baş qərargah rəisi vəzifəsindən azad edilməsi barədə qərarı imzalayıb. Ancaq Prezident Armen Sərkisyan iki dəfə Paşinyanın vəsatətini geri qaytarıb.