Pandemiyaya görə İtaliyada bələdiyyə seçkiləri təxirə düşdü

6 Mart 2021 21:11 (UTC+04:00)

İtaliyada koronavirus pandemiyası ilə əlaqədar bir sıra regional və bələdiyyə seçkiləri təxirə salınıb.

Teleqraf.com xəbər verir ki, bu barədə qərarı Mario Draqinin başçılıq etdiyi yeni hökumət qəbul edib. Seçkilər üçün yeni tarixlər 15 sentyabr-15 oktyabr aralığındakı müddətə müəyyən edilməlidir.

Təxirə düşəcək seçkilər arasında ən mühümü aprelin 11-də Kalabria regionunda keçirilməli olan regional seçkilərdir. Regionun prezidenti Yole Santellinin ötən ilin oktyabrında vəfat etməsi səbəbindən regionda növbədənkənar seçkilərin keçirilməsinə ehtiyac yaranmışdı. Pandemiya ilə əlaqədar bu seçkilərin müddəti artıq bir dəfə dəyişdirilsə də, hökumət növbəti dəfə təxir barədə qərar verib. Digər seçkilərdə isə özünüidarətmə orqanları və ölkə parlamentində boşalmış deputat postlarına təkrar seçkilərin keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, İtaliyada koronavirusa yoluxma halları yenidən artmağa başlayıb və yaxın günlərdə ölkənin bir sıra regionlarının sərt karantin rejimli qırmızı zonalar elan olunacağı gözlənilir.