Ailə Məcəlləsinə dəyişiklik layihəsi üçüncü oxunuşda qəbul olundu

9 Mart 2021 13:36 (UTC+04:00)

Milli Məclisin yaz sessiyasının bu gün keçirilən növbəti plenar iclasında Ailə Məcəlləsinə dəyişiklik layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb.

Teleqraf.com-un xəbərinə görə,dəyişikliklə uşağı övladlığa götürmə istəyən qohumlara aşağıdakı prosedurlar tətbiq olunmayacaq:

- övladlığa götürmək istəyən şəxsin (şəxslərin) təlimlərə cəlb edilməsi;

- övladlığa götürmək istəyən şəxsə (şəxslərə) uyğun uşağın, övladlığa götürülən uşağa uyğun valideynin seçilməsi;

- övladlığa götürülən uşaqla övladlığa götürmək istəyən şəxsin (şəxslərin) uşağın yerləşdiyi müəssisədə görüşünün təşkili;

- övladlığa götürülən uşağın sınaq müddətində uşağı övladlığa götürmək istəyən şəxsin (şəxslərin) evində yerləşdirilməsi.

Qohumlara münasibətdə müvafiq icra hakimiyyəti orqanı tərəfindən 1 ildən çox olmayan müddətdə övladlığa götürmək istəyən şəxslə (şəxslərlə) müsahibə aparılması proseduru isə qüvvədə qalır.

Məcəlləyə dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.