"Vətəndaşın pulu 100 min manatdan çoxdursa...” - Vüqar Bayramov

6 Aprel 2021 14:06 (UTC+04:00)

“Əmanətlərin sığortalanması haqqında” qanun yeni dəyişikliklərlə qüvvəyə minir. Belə ki, bu gündən fiziki şəxslərin bankda olan 100 min manatadək olan əmanətləri sığortalanacaq. Bu zaman milli valyutada olan əmanətlər üzrə qorunan divident faiz dərəcəsi 12, xarici valyutada isə 2.5 faizdir”.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib.

İqtisadçının sözlərinə görə, əmanətçinin bankda olan depozitinin məbləği 100 min manatdan azdırsa, o vəsait tam olaraq sığortalanmış sayılır: “Bank müflis olan zaman isə həmin depozit tam ödənilir. Bu zaman sığortalanan faiz dərəcələri də nəzərə alınır.

Bu baxımdan, vətəndaşın pulu 100 min manatdan çoxdursa, depoziti bölərək ailə üzvlərinin adına və ya bir neçə bankda yerləşdirməsi məqsədəuyğun olar. Digər tərəfdən, yüksək divident faizinə aldanıb depozit yerləşdirmək də riskli hesab olunur. Əgər məbləğ 100 min manatdan az olsa, belə divident faizi 12 faizdən çoxdursa, məsələn, 13 faizdirsə, o zaman həmin əmanət qorunmayan hesab olunur.

Bank müflis olan zaman həmin vəsait qorunan əmanət kimi geri qaytarılmır. Bu baxımdan, əmanətçinin qorunan divident faizini də nəzərə alması çox vacibdir”.

Qeyd edək ki, ölkədə fəaliyyətdə olan banklarda əmanət sahiblərinin 99,8 faizinin depozitləri 100 min manata qədərdir.