Xocalı cəlladları arasında gizli savaş: “Bu, Paşinyanın xeyrinədir”

13 Aprel 2021 13:33 (UTC+04:00)

“Ermənistan müxalifəti əsas qüvvələri birləşdirərək seçkilərə vahid birliklə, bu da olmasa, bir neçə böyük blokla gedə biləcəyinə ümid edirdi, amma məyus oldu”.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanda nəşr olunan “Hraparak” qəzeti yazıb.

Nəşr Ermənistan müxalifətinin liderləri arasında kəskin fikir ayrılıqlarının yarandığına diqqət çəkib:

“Bu günlərdə bir çox müxalifətçi böyük bir birləşmənin uğursuz olmasından, hətta kiçik birləşmələrin parçalana biləcəyindən məyus olub. Müxalif cəbhədə əsəblər tarım çəkilib. Kulislərdə gedən müzakirələrdə parçalanmanın əsas günahkarları kimi, Serj Sərkisyan və Robert Köçəryanın adını çəkirlər. İddiaya görə, sabiq prezidentlər Nikol Paşinyanla yox, bir-biri ilə daha çox mübarizə aparırlar. Fikir ayrılıqlarını kənara qoyub birləşə bilsəydilər, Paşinyan çətinlik yarada bilərdilər”.

Qəzet qeyd edib ki, Köçəryandan fərqli olaraq, Sərkisyan yenidən hakimiyyətə gəlməkdə maraqlı görünmür:

“Sərkisyan daha çox özünün komandasının məsələlərini həll etməyə çalışır.

Köçəryana gəlincə, onun bir çox əsassız ambisiyaları var, heç kimə güzəştə getmək istəmir, dominant fiqur olduğunu və bu səbəbdən də siyahını təkbaşına hazırlaması lazım olduğunu düşünür. Buna görə Köçəryanın ətrafında birləşməyə hazır olan bir çox siyasi qüvvə, o cümlədən daşnaklar tərəddüd etməyə başlayıblar: bu qatarda sonuncu vaqon olmaq istəmirlər”.

Qəzet yazır ki, müxalifətin belə bir parçalanması yalnız Nikol Paşinyanın xeyrinədir.