“Ukraynaya hazır nüvə başlıqları verilə bilər" - Cümşüd Nuriyev

19 Aprel 2021 18:55 (UTC+04:00)

“Ukraynanın nüvə silahı əldə etməsi inandırıcı deyil. Belə bir imkanları yoxdur. Əlbəttə, Rusiya siyasi elitası əsasən Ukrayna kökənlidir. Keçmiş SSRİ-nin hərbi sənaye kompleksi də daha çox Ukrayna ərazisində cəmləşdirilmişdi. Amma nüvə başlıqlarının Ukraynada hazırlanmasına dair məlumat yoxdur. Odur ki, Ukraynanın nüvə silahı yaratmaq imkanı yoxdur”.

Bu fikirləri Teleqraf.com-a politoloq Cümşüd Nuriyev Ukraynanın nüvə silahı yaratması imkanları haqqında danışarkən deyib.

Xatırladaq ki, indi Ukraynada ictimaiyyət arasında ölkənin nüvə silahı yaratmasına dair çağırışlar getdikcə çoxalır. Bir çoxları hesab edir ki, ölkə öz təhlükəsizliyini təmin etmək üçün bu silaha malik olmalıdır.

Siyasi şərhçi Cümşüd Nuriyev isə bildirib ki, Ukrayna nüvə silahına malik olmaq imkan və resurslarına sahib deyil:

“Ukraynada nə nüvə silahı üçün elmi tədqiqat işləri aparılıb, nə də onların bu günə qədər açıqlamaları olub. Əgər, bunu etmək mümkündürsə, elə qardaş Türkiyə edərdi. Məncə, bu təkliflər daha çox Rusiyanı qorxutmaq üçün gündəmə gətirilir. Hesab edirəm ki, bu, siyasi populizmdir. Qənaətimcə, Ukraynanın nə hərbi, nə də iqtisadi gücü o səviyyədə deyil ki, nüvə tədqiqatları aparsın və nüvə silahı hazırlasın”.

Politoloqun qənaətincə, Ukraynanın nüvə silahının olması Rusiya üçün ciddi təhdid sayılardı:

“Mümkündür ki, ABŞ və nüvə silahına malik digər ölkələrin yardımı ilə Ukraynaya nüvə başlıqları verilə bilər. Amma özləri yarada bilməz. Ukrayna 1986-cı ildə Çernobıl partlayışından sonra özünə gələ bilmir”.