"Zəngəzur dəhlizi ölkəmizin strateji əhəmiyyətini artıracaq" - Deputat

21 Aprel 2021 14:43 (UTC+04:00)

"Zəngəzur dəhlizi 1.1 trilyon dollardan çox nominal ümumi daxili məhsulu (ÜDM) olan türkdilli ölkələri iqtisadi baxımdan birləşdirməklə yanaşı, ölkəmizin starteji əhəmiyyətini də artıracaq".

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib.

Deputat Prezident İlham Əliyevin "AzTV"yə müsahibəsindən bəzi məqamlara da diqqət çəkib: "Dövlət başçısı qeyd etdi ki, Zəngəzur dəhlizinin yaradılması bizim milli, tarixi və gələcək maraqlarımıza tam cavab verir: “Biz Zəngəzur dəhlizini icra edəcəyik, Ermənistan bunu istəsə də, istəməsə də. İstəsə, daha asan həll edəcəyik, istəməsə də zorla həll edəcəyik. Necə ki, mən müharibədən əvvəl və müharibə dövründə demişdim ki, bizim torpağımızdan öz xoşunuzla rədd olun, yoxsa sizi zorla çıxaracağıq. Belə də oldu. Zəngəzur dəhlizinin taleyi də eyni olacaq”.

Zəngəzur dəhlizinin istifadəyə verilməsi post-müharibə dövründə region üçün prioritet məsələlərdəndir. Bu, Azərbaycanın qərb bölgələrinin Naxçıvan Muxtar Respublikası ilə quru nəqliyyatı vasitəsi ilə birləşdirməklə yanaşı, həm də regionda davamlı sülhün formalaşması baxımdan vacibdir.

Zəngəzur dəhlizi 1.1 trilyon dollardan çox nominal ümumi daxili məhsulu olan türkdilli ölkələri iqtisadi baxımdan birləşdirməklə yanaşı, ölkəmizin starteji əhəmiyyətini də artıracaq. Dəhliz kifayət qədər böyük iqtisadi potensiala və təbii resurslara malik olan regionu birləşdirəcək".

Vüqar Bayramov hesab edir ki, Zəngəzur dəhlizinin istifadəyə verilməsi, Azərbaycanı regionun nəqliyyat qovşaqlarının habına çevirəcək: "Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin formalaşmasında yaxından iştirak edir, birbaşa həmin nəqliyyat dəhlizlərinin regional hissəsinin inkişafına, həm də maliyyə dəstəyi nümayiş etdirir. Bu Naxçıvanın Azərbaycanın əsas ərazisi vasitəsilə həmin nəqliyyat dəhlizlərinə çıxışını təmin edəcək. Xüsusən də, Şərq-Qərb nəqliyyat dəhlizinə naxçıvanlı iş adamlarının çıxışının təmini baxımından əhəmiyyətli olacaq.

Dəhliz Azərbaycanın öz eksklavı olan Naxçıvan Muxtar Respublikası və Türkiyə ilə əlaqələri də gücləndırəcək, ölkəmizin geoiqtisadi əhəmiyyəti daha da artıracaq. Ən əsası, türk dünyası uzun illərdən sonra yenidən Zəngəzur dəhlizi vasitəsi ilə birləşəcək".