Rusiya 10 amerikalı diplomatı ölkədən çıxarır

21 Aprel 2021 18:28 (UTC+04:00)

Moskva ABŞ-ın Rusiyadakı səfirliyinin 10 əməkdaşının “persona non grata” (arzuolunmaz şəxs) elan edilməsinə dair Vaşinqtona nota verib. Diplomatlar mayın 21-dək Rusiyanı tərk etməlidirlər.

Teleqraf.com xəbər verir ki, bu barədə məlumatı Rusiya Xarici İşlər Nazirliyi yayıb.

Bu gün ABŞ-ın Moskvadakı səfirinin müavini Bart Qorman Rusiya Xarici İşlər Nazirliyinə çağrılıb və Rusiya tərəfinin notası ona təqdim edilib.

Rusiya Xarici İşlər Nazirliyi bu addımın Amerika tərəfinin Rusiyanın Vaşinqtondakı səfirliyinin və Nyu-Yorkdakı baş konsulluğunun əsassız olaraq “persona non grata” elan edilmiş bir sıra əməkdaşlarına qarşı “düşmənçilik hərəkətlərinə güzgü cavabı” olduğunu vurğulayıb.

Nazirlik əlavə edib ki, yaxın gələcəkdə ABŞ-ın son anti-Rusiya sanksiyaları “dalğasına” kompleks cavab tədbirlər çərçivəsində növbəti addımlar atılacaq.