Heyvanların mənşəyi ilə bağlı mühüm tapıntı – Bir qrup alim şoka saldı

1 May 2021 22:54 (UTC+04:00)

Böyük Britaniyada tapılan bir milyard illik mikro qalığın indiyə qədər qeydə alınmış ən qədim çoxhüceyrəli canlı ola biləcəyi iddia edilib.

Teleqraf.com xəbər verir ki, bir qrup elm adamı tərəfindən kəşf edilən qalıqların qədim dövrlərdə təkhüceyrəli və çoxhüceyrəli orqanizmlər arasında qarışıq quruluşa malik bir orqanizmə aid ola biləcəyini düşünülür.

Şotlandiyanın Loç Torridon gölünün yatağında tapılan 1 milyard illik tarixi daşların araşdırılması nəticəsində aşkarlanan mikro qalıqların qeyri-adi dərəcədə qorunub saxlandığı məlum olub.

Tədqiqatçılar “Bicellum brasieri” adlanan, ölçüsü 30 mikrometrdən az olan qalığın çoxsaylı yuvarlaq hüceyrələr şəklində sferik olduğu və uzun sosis formalı hüceyrələrlə əhatə olunduğunu təsbit ediblər.

Fərqli orqanizmlərin quruluş xüsusiyyətlərini özündə cəmləşdirən mikro qalıqların heyvan həyatının necə və harada inkişaf etdiyinə dair bir fikir verə biləcəyi düşünülür.

Araşdırması ilə elmi kəşfə imza atan paleobioloq Çarlz Vellman tapıntının xüsusiyyətlərinin bundan əvvəlki qeydlərdə yer almadığını bildirib:

“Mürəkkəb çoxhüceyrəlilərin və heyvanların mənşəyi yer üzündə həyat tarixinin ən əhəmiyyətli iki hadisəsi olaraq qəbul edilir. Kəşfimiz hər iki məsələyə yeni işıq salır”.