Şabranda yas mərasimi təşkil edənlər cərimələndi

4 May 2021 18:12 (UTC+04:00)

Şabran rayon polis şöbəsinin əməkdaşları tərəfindən rayonun Qazbabalı kəndində xüsusi karantin rejimini pozulması ilə müşayət olunan yas mərasiminin keçirilməsinin qarşısı alınıb.

Teleqraf.com xəbər verir ki, mayın 4-də həmin kənd ərazisində fərdi yaşayış evində ev sahibi atasına yas mərasimi keçirməyə cəhd edib.

Daxil olan məlumat əsasında polis əməkdaşları kəndə gedərək mərasimin keçirilməsinə imkan verməyiblər. Sözügedən ünvanda sanitar-gigiyena və karantin qaydalarının pozulduğu da müəyyən edilib. Ev sahibi və orada olan şəxslərlə izahedici söhbətlər aparılıb, karantin qaydaları barədə ətraflı məlumat verilib.

Mərasimi təşkil edən 3 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) müvafiq olaraq inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün rayon məhkəməsinə göndərilib.