Toylara icazə vermək doğru deyil, amma... - Komitə sədri açıqladı

6 May 2021 19:55 (UTC+04:00)

COVID-19-un təsirləri, sözsüz ki, Azərbaycandan da yan keçmir. Bu bütün dünyanı bürümüş bir problemdir. Azərbaycan da dünya birliyinin bir üzvüdür. Ona görə də, bu problem iqtisadi, sosial, demoqrafik proseslərə mənfi təsirlərini göstərir. Bu müəyyən qədər ailə quranların da azalmasına səbəb olub.

Bunu Teleqraf.com-a Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

Onun sözlərinə görə, pandemiya dövründə bütün dünya üzrə statistika odur ki, boşanmaların artma tendensiyası davam edir:

“Azərbaycanda da bu hal yaşanır. Doğulan uşaqların sayında da əvvəlki illərə nisbətən azalma qeydə alınıb. Ölüm sayı təxmini olaraq əvvəlki səviyyədə qalıb. Amma COVİD-19-dan rəhmətə gedənlərin xüsusi çəkisi ölüm sayına müəyyən qədər təsir edir. Amma bu da dəhşətli dərəcədə baş verən bir hal deyil”.

Komitə sədrinin fikrincə, epidemiyadan və karantin şərtlərindən tez qurtulsaq sosial, iqtisadi, demoqrafik vəziyyət müsbət tendensiya ilə davam edəcək: ”Sözsüz ki, pandemiyanın ölkəmizdəki mövcud reallığa mənfi təsirləri var. Bu statistikada da özünü göstərir. Amma bu bütün dünyada baş verən bir haldır. Tək Azərbaycanda qeydə alınan bir məsələ deyil”.
Musa Quliyev ölkədə toy qadağalarının təbii artıma təsirlərindən də bəhs edib: “Toyların keçirilməməsinin təbii artıma sözsüz ki, təsiri var. Evlənənlərin sayı azalırsa, təbii olaraq doğulanların da sayı azalır. Eyni zamanda bu dönəm üçün boşanmalar da müəyyən qədər artıb”.

Millət vəkili hesab edir ki, epidemioloji şərait imkan vermirsə, toylara icazə vermək düzgün deyil: “Amma evlənmək heç kimə qadağan olunmayıb. Ailə şəklində, açıq havada, dostlarla gedib bağda, dəniz qırağında gəzmək olar. Bunlar heç kimə qadağan edilməyib. Vacib deyil ki, hökmən qapalı məkanda 400-500 adamı yığıb 8 saat da toy edək. Ona görə də adətləri müəyyən dərəcədə indiki şəraitə uyğunlaşdırmaq lazımdır”.