Həmidə Ömərova: "Şuşada bir əsgərlə görüşümüzü unuda bilmirəm..." - Müsahibə

19 May 2021 15:15 (UTC+04:00)

İşğaldan azad olunmuş Şuşaya ilk dəfə səfər edən xalq artisti Həmidə Ömərova Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Həmidə xanım, ilk dəfə Şuşaya getdiniz, "Xarıbülbül" musiqi festivalında iştirak etdiniz. Təəssüratlarınızı eşitmək istərdik...

- Şuşaya getməyi çox istəyirdim. Səfər gözlənilməz oldu, bu günü bizə yaşadanlara təşəkkür edirəm. Yolboyu bizi ağlamaq tuturdu, Füzuli rayonundan keçəndə erməni qəsbkarlarının dağıtdığı evlərin qalıqlarını görüb şok yaşadıq. Hiss etdim ki, ətrafıma baxmaq istəmirəm, xarabaya qalmış evlərin qalıqlarını, qanlı döyüşlərin izlərini görmək istəmirdim.

Şuşada binaların üzərində yaralı əsgərlərimizin qan izləri ilə yazılarını gördük - adlarını, soyadlarını, hansı regiondan gəldikləri qeyd etmişdilər... Hisslərimi dillə ifadə edə bilmirəm. Deməli, Azərbaycanda elə bir oba yoxdur ki, oranın əsgəri Şuşada vuruşmasın. Bir əsgərlə olan görüşümüzü unuda bilmirəm.

Firəngiz Mütəllimova ilə onların evini görməyə gedirdik. Bir əsgərdən yolu soruşduq. Şəhərdə döyüşlərin əlaməti nəzərə çarpırdı, yalnız əsgərlərə rast gəlirdik. Əsgərdən soruşdum ki, neçə yaşınız var? Cavab verdi ki, 19 yaşım var, ömrümün sonuna qədər Şuşada xidmət edəcəm. İki qardaşıq, 44 günlük müharibədə qardaşım Şuşada vəfat etdi. Axıradək burada qalacam...

- 32 ildən sonra Şuşada "Xarıbülbül" musiqi festivalı baş tutdu...

- Festival möhtəşəm təşkil edilmişdi. Cıdır düzündə əməkdar artist Təyyar Bayramovun oğlu Kənan Bayramov "Bayatı-Şiraz" mahnısını oxuyanda tək məni yox, bütün insanları ağlamaq tutdu. Şəhidlərimizin qanı bahasına Şuşanı aldıq, ayaqlarımız müqəddəs torpaqlarımıza dəydi. Qarışıq hisslər yaşadıq, sevinirik ki, torpaqlarımız qayıdıb.

Əsgərlərimizin Cıdır düzünə çıxması gözümüzün önündə canlanırdı. Görün, Azərbaycan əsgəri necə igid və cəsarətlidir! Heç birimiz bunu unuda bilmərik. Şuşada şəhid oğullarımız üçün heykəl ucaldılmalıdır. Oğullarımızın qəhrəmanlığı heç vaxt yaddan çıxmayacaq. Festivalda bütün çıxışlar möhtəşəm idi, 28 illik həsrətdən sonra Polad Bülbüloğlunun çıxışı və sair...

Bir epizod da yadımdan çıxmaz, festivalda Vasif Adıgözəlovun "Qarabağ şikəstəsi" əsəri ifa edilən zaman göydə qartal uçdu. Bu, bir zəfər işarəsi idi. Qartalın uçmasına öncə birinci xanım Mehriban Əliyeva nəzər etdi, Ali Baş Komandamız İlham Əliyev də qartala baxdı. Qartal Cıdır düzündə necə məğrur uçurdu...

Festivaldan qayıdarkən Ayaz Salayev dedi ki, bir çox beynəlxalq festivallarda iştirak edib, Şuşa səfərinə, "Xarıbülbül" festivalına heç biri çatmır. Mən də Ayaz müəllimin fikirlərinə şərikəm, bir çox xarici ölkələrdə festivallarda olmuşam, amma Şuşa səfərini ömrümün sonuna qədər unutmayacam.

- Yenidən Şuşaya getmək istəyərsinizmi?

- Böyük məmuniyyətlə... Hər bir azərbaycanlının arzusu orada olmaqdır. Hazırda Şuşada yaşayış yoxdur, tikinti işləri gedir. Şuşa dünyanın ən gözəl şəhərlərindən biri olacaq. Şuşa haqqında hamımız danışacağıq.

İnşallah, hər il "Xarıbülbül" festivalı keçiriləcək. Bütün azərbaycanlılar Şuşanı görəcəklər. Allahdan qazilərimizə can sağlığı arzu edirəm, hamısını bağrıma basıram. Allah şəhidlərimizə rəhmət eləsin!