Ağstafada avtobus minik avtomobili ilə toqquşdu: ölən var

1 Noyabr 2014 10:05 (UTC+04:00)

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Ağstafa rayonu, Poylu kəndində vətəndaşlara məxsus “PAZ” markalı sərnişin avtobusu ilə "VAZ" markalı minik avtomobilinin toqquşması nəticəsində yol-nəqliyyat qəza hadisəsi baş verib.

Teleqraf.com-un FHN-in saytına istinadən verdiyi məlumata görə, dərhal nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, “VAZ” markalı minik avtomobilinin sürücüsü, 1986-cı il təvəllüdlü Qədir Əhməd oğlu Yusifov dünyasını dəyişib və deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalıb. Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə sıxılmış vəziyyətdə qalmış meyiti avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 08:55-də başa çatıb.