Elektron dərslik portal istifadəçiləri 3700-ü ötüb

3 Noyabr 2014 11:30 (UTC+04:00)

İlin sonuna qədər daha 3 sinif üzrə dərsliklər yerləşdiriləcək

Təhsil Nazirliyi yeni hazırlayıb istifadəyə verdiyi www.e-derslik.edu.az elektron dərslik portalına daxil olanların sayını açıqlayıb.

Teleqraf.com nazirliyin saytına istinadla xəbər verir ki, elektron dərslik portalı ictimaiyyət tərəfindən geniş şəkildə istifadə olunmağa başlayıb.

Bu günə qədər portaldan istifadə edənlərin ümumi sayı 3745 nəfər, o cümlədən Bakı şəhəri üzrə 2000 nəfər, Sumqayıt şəhəri üzrə 265 nəfər, Gəncə şəhəri üzrə 97 nəfər təşkil edir.

Qeyd edək ki, portalda elektron dərslikləri e-pub, oflayn və onlayn formatda yükləmək imkanları mövcuddur. Aşağıdakı cədvəldə fənlər üzrə elektron dərsliklərin müxtəlif formatda yüklənmə statistikası əksini tapıb.

Cədvəldən göründüyü kimi, daha çox Azərbaycan dili (746 nəfər), riyaziyyat (646), biologiya (597) və ingilis dili (521) elektron dərsliklərindən istifadə olunub.

Hələlik yalnız Azərbaycan bölməsi üzrə 6-cı sinif elektron dərsliklər portala yerləşdirilib. Cari ilin sonuna qədər VII sinif üzrə 10, II və III siniflər üzrə ayrı-ayrılıqda 5 elektron dərsliyin portalda yerləşdirilməsi nəzərdə tutulub.

Mütəxəssislərin fikrincə, elektron dərslik təhsil müəssissələrinin informasiyalaşdırılmasını sürətləndirmək, istifadəçiyə təhsil prosesində fəal iştirak etmək, öyrənmə prosesini fərdiləşdirmək, yeni bilik əldə etmək istəyən və öz imkanlarını qiymətləndirmək imkanı verir, ənənəvi öyrənmə formalarını zənginləşdirir.

NİGAR