Bədəlanda nişanlanan 8-ci sinif şagirdi bağlı açıqlama - "Qızın anası söz verdi ki..."

8 İyun 2021 12:08 (UTC+04:00)

Ötən gün Lənkəran şəhərinin istirahət mərkəzlərinin birində 14 yaşlı qızla 38 yaşında kişinin nişan mərasimindən fotolar paylaşılıb. Nişanlanan qız Masallı rayon Bədəlan kənd sakini, 8-ci sinif şagirdidir.

Məsələ ilə bağlı Masallı rayon Bədəlan kəndinin nümayəndəsi Hacırza Nağıyevlə əlaqə saxladıq.

O, Teleqraf.com-a açıqlamasında bildirib ki, hadisə araşdırılıb və hər iki ailəyə xəbərdarlıq edilib:

"Bizə də məlumatlar daxil olub, sənədləşdirmişik. Masallı Rayon İcra Hakimiyyəti buna görə komissiya ayırdı. Qızın ailəsi və özü, oğlan evi ilə söhbət aparıldı. Hadisənin qarşısını aldıq ki, qız məktəblidir, belə hadisə ola bilməz. Çünki həddi buluğa çatmayıb. Qanunla da həddi-buluğa çatmayan nikaha girə bilməz. İcra nümayəndələri, polis əməkdaşları hadisəni aktlaşdırdı və hər iki ailəyə xəbərdarlıq edildi. Qızdan və anasından izahat alındı və söz verdilər ki, qızın 18 yaşına qədər bu məsələ bağlanacaq. Anası söz verdi ki, qızını oxutduracaq.

Xəbərdarlıq edildi ki, bir daha belə hal baş verəcəyi halda, cinayət məsuliyyətinə cəlb olunacaq".