Bakıda gənc oğlan qətlə yetirildi

14 İyun 2021 10:31 (UTC+04:00)

İyunun 13-ü saat 23 radələrində 1998-ci il təvəllüdlü Murtuz Murtuzovun bıçaqlanaraq xəsarət alması ilə əlaqədar xəstəxanaya aparılarkən yolda ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə Teleqraf.com-a Nizami rayon Prokurorluğundan bildirilib.

Cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Aparılmış ilkin araşdırmalarla zərərçəkmişin tanışı 2000-ci il təvəllüdlü Məhəmməd Məhəmmədlinin şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Murtuz Murtuzova bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Nizami rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilib.

Məhəmməd Məhəmmədli şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.