"Əgər Bayden Putinlə görüşdə Qarabağdan danışıbsa..." - Hüquq müdafiəçisi

18 İyun 2021 18:48 (UTC+04:00)

Şuşa Bəyannaməsini yüksək qiymətləndirirəm. Biz 1989-cu ildən küçələrdə şüarlar səsləndirirdik ki, Türkiyə-Azərbaycan əlaqələri ən yüksək səviyyəyə çatsın. Artıq arzuma çatmışam. Şuşa Bəyannaməsinin imzalanmasına çox sevindim və bu, təqdirəlayiq hadisədir.

Bu sözləri Teleqraf.com-a Azərbaycan və Türkiyə arasında Şuşa şəhərində imzalanan Şuşa Bəyannaməsi haqqında danışan hüquq müdafiəçisi Novella Cəfəroğlu bəyan edib.

O deyib ki, Azərbaycan güclü olduğu üçün bu saziş bağlanıb:

“Azərbaycan güclü olduğu üçün bu səviyyəyə çata bildik. Real həqiqət budur ki, bu gün Azərbaycan Qafqaz ölkələri arasında ən inkişaf edən, müasir ordusu olan dövlətdir. Neçə illərdir ki, Azərbaycan hərbi sahəyə milyardlarla pul ayırıb. Biz 44 günlük müharibədə bunun bəhrəsini gördük. Şuşada imzalanan saziş də gücümüzün bəhrəsidir. Türkiyə də qardaş ölkə olaraq daima yanımızdadır. Bu saziş bağlanıb və regional əməkdaşlığa qarşı da deyil. Hesab edirəm ki, region ölkələri əməkdaşlıq içərisində olmalıdır. Əgər Bayden Prezident Ərdoğan və Prezident Putinlə söhbəti zamanı Qarabağdan danışıbsa, bunlar təsadüfi məsələlər deyil. Mən bu sazişi çox yaxşı dəyərləndirirəm”.