Təhsil kreditləri iqtisadi inkişafı sürətləndirəcək - Günay Quliyeva

18 İyun 2021 19:00 (UTC+04:00)

“Azərbaycan Prezidenti İlham Əliyevin Təhsil Nazirliyinin tabeliyində Təhsil Tələbə Krediti Fondunun yaradılması və fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında Fərmanı təhsilin əlçatanlığının təmin edilməsi üçün atılmış ən mühüm addımdır. Müasir dövrdə ölkədə səmərəli və dayanıqlı iqtisadi inkişafın təminatçısı olan təhsil sisteminin maliyyələşdirilməsi mühüm əhəmiyyət kəsb edir. Bu prizmadan yeni yaradılan Fond təhsilin maliyyələşdirməsinin ən yeni mexanizmlərindən biri kimi çıxış etməklə təhsil almaq istəyənlər üçün bərabər imkanlar təqdim edəcək”.

Teleqraf.com xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin baş analitiki, iqtisad üzrə fəlsəfə doktoru Günay Quliyeva deyib.

O bildirib ki, Təhsil Tələbə Krediti Fondu təhsil almaq arzusunda olan həssas və az təminatlı ailələrdən gələn və digər dövlət təhsil maliyyələşdirmə mexanizmlərindən yararlana bilməyən bütün gənclər üçün yeni bir resurs mənbəyi olacaq:

“Qeyd edək ki, Azərbaycanda ali təhsilin 50 faizə yaxını dövlət tərəfindən maliyyələşdirilir. Yeni Fond təhsil almaq istəyənlər üçün mövcud dövlət maliyyələşmə mexanizmlərini əvəz etmir, əksinə əlavə imkanlar açır.

İnkişaf etmiş ölkələrdə təhsil maliyyələşdirilməsində tələbə təhsil kredit fondları bu və ya digər adda geniş tətbiq olunur. Məsələn, ABŞ-da aşağı gəlirli əhali qrupunun təhsil ala bilməsi üçün Amerika Təhsil Departamentinin nəzdində Federal Tələbə Yardımı (Federal Student Aid) Ofisi fəaliyyət göstərir. Bu ofis tərəfindən qrant, işlə-oxu, tələbə təqaüdləri, aşağı faizli uzunmüddətli kreditlər kimi müxtəlif formalarda təhsilin kreditləşməsi həyata keçirilir.

Maraqlı faktlardan biri də budur ki, Federal Tələbə Yardımı Ofisinin əsas şüarı “Sən Amerikanın ən ağıllı investisiyasısan”dır. Bununla ABŞ insan kapitalını iqtisadi inkişafın əsas investisiyası kimi müəyyənləşdirib”.