Rusiya hökuməti Ermənistana 3,2 milyon dollar ayırdı

19 İyun 2021 18:37 (UTC+04:00)

Rusiya hökuməti BMT İnkişaf Proqramının Ermənistanın ən çox təsirlənmiş bölgələrində münaqişədən sonrakı bərpa işlərinə dəstək layihəsini maliyyələşdirəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiyanın Ermənistandakı səfirliyinin yaydığı məlumatda bildirilib.

“Bu məqsədlə büdcədən 3,2 milyon ABŞ dolları ayrılıb. Səfirlik bu qərarı artıq Ermənistan tərəfinə rəsmi şəkildə bildirib”, - deyə məlumatda qeyd olunur.

Rusiya BMT strukturlarının Ermənistanın hərtərəfli inkişafına yönəlmiş təşəbbüslərinə sistemli əsasda maliyyə dəstəyi verir.

2010-cu ildən bəri səhiyyə, təhsil, sosial-iqtisadi inkişaf (kənd və sərhəd rayonları daxil olmaqla), Ermənistan sənayesinin rəqabət qabiliyyətinin artırılması, ətraf mühitin qorunması, təbii fəlakətlərə qarşı mübarizə, enerji səmərəliliyi sahələrində layihələrin həyata keçirilməsinə ayrılan yardımların ümumi həcmi artıq 70 milyon dollar təşkil edib.