ÜST: Bu ölkələrin COVID-19 peyvəndləri tükənir - Çağırış

22 İyun 2021 19:05 (UTC+04:00)

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) inkişaf etməmiş ölkələrə COVID-19 Peyvəndləri Qlobal Giriş Proqramı (COVAX) çərçivəsində verilmiş peyvəndlərin bitmək üzrə olduğunu və bu ölkələrin peyvənd kampaniyasına davam edə bilməyəcəyini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, ÜST-ün baş məsləhətçisi Bruce Aylvard COVAX-ın 131 ölkəyə 90 milyon doz peyvənd təmin etdiyini deyib.

O, bu miqdarın epidemiyanın təsiri altındakı ölkələrdə insanları qorumaq üçün yetərli olmayacağını vurğulayıb: “Peyvənd ehtiyatları tükənən ölkələrin sayı göründüyündən daha çoxdur”.

COVAX-a daxil olan 80 ölkənin yarısından çoxunun peyvəndlərinin tükəndiyini qeyd edən səlahiyyətlilər beynəlxalq aləmə peyvənd çağırışı ediblər.

Uqanda, Zimbabve, Banqladeş və Karib dənizi ölkəsi Trinidad və Tobaqoda vaksinlərin bitdiyi bildirilir.