Məzar daşına Namiq Kamalın misrası yazıldı – Cümhuriyyət deputatının həyat hekayəsi

28 İyul 2021 15:18 (UTC+04:00)

Bu gün Azərbaycan Cümhuriyyəti deputatlarından Abbasqulu Kazımzadənin anım günüdür.

***

Abbasqulu Kazımzadə 1882-ci ildə Bakının Maştağa kəndində doğulub. İlk təhsilini mollaxanada alıb, sonralar üçüncü rus-türk məktəbində oxuyub. Cənubi Qafqazda ilk müsəlman sosial-demokrat qrupu olan “Hümmət” təşkilatında fəaliyyət göstərib.

1904-cü ildə çar hökuməti Abbasqulu bəyi həbs edib. Bu dövrdə onun indiki İstiqlaliyyət küçəsində, Sabirin heykəlinin qarşı tərəfində kitab-dəftər mağazası vardı. Qulamrza Şərifzadə ilə birlikdə naşirlik fəaliyyəti ilə məşğul olurdu. Bu mağaza həm də gizli yığıncaq yeri idi. 1911-ci il mayın 15-də Abbasqulu bəy pantürkist ideyaları yaymaqda təqsirləndirilərək yenidən tutulur, həmin ilin iyulun 14-də azad edilir. 1911-ci ilin oktyabrında isə Bakıda Məhəmmədəli Rəsulzadə, Tağı Nağıoğlu və Abbasqulu Kazımzadə Müsavat Partiyasını yaradırlar.

Cümhuriyyət dönəmində – 1918-ci il oktyabrın 7-də Bakı qubernatoru müavininin icazəsi ilə A.Kazımzadənin rəhbərliyi altında “Türk ocağı” adlı mədəni-maarif cəmiyyəti yaradılır. 1918-ci il dekabrın 7-də Azərbaycan Parlamenti formalaşdıqdan sonra o, Bakıdan millət vəkili seçilir, Parlamentdə Müsavat fraksiyasının nümayəndəsi kimi Təsərrüfat quruculuğu komissiyasına rəhbərlik edir.

Azərbaycan Cümhuriyyətinin işğalından sonra Abbasqulu bəy Rəsulzadə ilə birlikdə Lahıca sığınır. Lakin qısa zaman sonra həbs edilib Bakıya gətirilirlər. Stalinin müdaxiləsindən sonra həm Rəsulzadə, həm də Abbasqulu bəy Moskvaya aparılır.

İstanbula mühacirət

M.Rəsulzadənin Finlandiyaya qaçışından sonra Abbasqulu bəy də İranın Ənzəli limanına gedə bilir. İstanbula gəldikdən sonra 1925-ci ildə burada, Bakıda olduğu kimi, kitab mağazası açır. Rəsulzadənin 19 iyul 1925-ci ildə İstanbuldan Parisə Ceyhun Hacıbəyliyə göndərdiyi məktubda yazılır: “Abbasqulunun salamı vardır. O, burada kiçicik bir dəftər-kitab dükanı açıb, bu vasitə ilə başını birtəhər dolandırırdı. Bələdiyyənin qərarı ilə onun yerləşdiyi sıranı indi sökürlər. O, bir il çalışıb müştəri toplayıb, bu payızda qazanacaqmış. O da baş tutmadı. İndi başqa dükan axtarır”.

Bu mağazanın nə vaxta qədər fəaliyyət göstərdiyini bilmirik. Amma 1930-cu illərin əvvəllərində bu mağaza mövcud olub. Rəsulzadənin Polşadan göndərdiyi məktublarda bu ünvan qeyd olunub. Şəxsi arxivimizdə bu mağazaya dair bir neçə fotoşəkil var. Amma böyük ehtimalla, bu mağaza 1938-ci ilədək – Abbasqulu bəyin Türkiyədən çıxarılması dövrünədək fəaliyyət göstərib.

Türkiyənin “Rəsmi qəzet”ində tədqiqat apararkən maraqlı bir məlumata rast gəldik. Belə ki, 06.09.1938-ci ildə verilmiş 9536 saylı qərarnamədə qeyd olunur: “Məmləkətimizdə digər bir dövlətin hesabına və dost bir dövlət əleyhinə təbliğat və ixtilal təşkilatı qurmaq və digər bir dövlət lehinə kəşfiyyat aparmaqla məmləkətimizi vasitəçi etmək istədikləri anlaşılan Ömər oğlu Əlixan Qantəmir, Məhəmməd oğlu Xəlil Gürgörən, Şimendifer işlərində Şef Mirəli, Abbas oğlu Səfərqulu, Mirəli Talib oğlu Məhəmməd Tuğay, Türkistanın sabiq rəisi-cümhuru Osman Xoca oğlu, Kazımoğlu Abbas və Osman Kupanın Türk vətəndaşlığından çıxarılmaları, Daxiliyyə vəkilliyinin 05.09.1938 tarixli, 7746 saylı təklifi üzərinə 1312 saylı qanunun 11-ci maddəsinə əsasən İcra Vəkilləri Heyəti tərəfindən 06.09.1938-ci ildə təsdiq edilib”.

Qərarnamənin altında prezident və nazirlərin imzası var.

Türkiyədə fəaliyyət göstərən azərbaycanlı (Xəlil bəy Xasməhəmməd Gürgörən, Abbasqulu Kazımzadə), dağıstanlı, türküstanlı mühacirlərin ölkədən çıxarılması Rusiya ilə Türkiyə arasındakı münasibətlərə görə idi. Qərarnamədəki dost ölkə SSRİ-dir.

Abbasqulu bəy 1942-ci ildə yenidən vətəndaşlığa qəbul edilib. “Rəsmi qəzet”də çap olunmuş 23.09.1942-ci il tarixli, 18804 saylı qərarnamədə yazılır: “06.09.1938 tarixli və 2/9536 saylı qərarnamənin Abbas İldenizin Türk vətəndaşlığından çıxarılmasına dair olan hökmün ləğv edilməsi...”

Aydın olur ki, müharibənin davam etdiyi dövr olsa da, Abbas bəyin yenidən Türkiyəyə qayıtmasına icazə verilib. Abbas bəy beş il sonra, 1947-ci il iyulun 28-də vəfat edib. Vəfatı ilə bağlı “Ulus” qəzetində elan çıxıb.

Məzarı necə tapıldı?

2019-cu ilin fevral ayının 5-də Azərbaycan Cümhuriyyəti Parlamentinin üzvü Abbasqulu Kazımzadənin məzar yerini tapmaq üçün Ankara şəhərinə yollandıq. Ankara bələdiyyəsinin internet saytı üzərindən müəyyən etdiyimiz məzar yeri Əsri məzarlığında idi.

Abbasqulu bəyin məzarının Ankarada olması ilə bağlı “Azerbaycan” jurnalında bilgi olsa da, hansı məzarlıqda, hansı sahədə olmasına dair məlumat yox idi. Məzar yerini Abbasqulu Kazımzadə adı ilə axtardığımız üçün nəticə əldə edə bilmirdik. Abbasqulu bəyin Türkiyədə rəsmi şəkildə qəbul etdiyi Abbas İldeniz ad-soyadı ilə axtardıqdan sonra, nəhayət ki, məzar yerini tapa bildik. Təəssüf ki, Abbasqulu bəyin məzarı baxımsızlıq səbəbindən xeyli zərər görmüşdü. Məzar daşındakı yazını oxumaq çox çətin idi. Fevralın 8-də yenidən məzarlığa yollandıq. Məzar daşını su ilə yuduqdan sonra, nəhayət ki, başdaşına yazılmış yazını tam şəkildə oxuya bildik: “Ölürsem görmeden millette ümid ettiğim feyzi. Yazılsın sengi kabrime vatan mahzun, ben mahzun. Abbaskulu Kazımzade İldeniz. Milli Azerbaycan Cumhuriyeti mebuslarından. Ruhuna Fatiha. 1882-1947”.

Abbasqulu bəyin məzar daşına yazılmış bu misra Türkiyənin böyük şairi Namiq Kamala aiddir.

Əsri məzarlığındakı sənədlər

Əsri məzarlığında Abbas bəyin dəfn sənədlərinə də baxdıq. 2291 nömrəli qovluqdan bəlli olur ki:

– Abbas bəy Ankarada Maltepe, Umur küçəsi 27 ünvanında yaşayıb.

– Köhnə təqvimlə 1297-ci ildə doğulub, 28.07.1947-ci ildə vəfat edib. Əvvəlcə məzarlıqda 88-ci ada, 12-ci parseldə dəfn edilib. 16.08.1947-ci ildə məzarı 63-cü ada, 12-ci parselə köçürülüb.

– Türkiyə vətəndaşıdır, evlidir, müsəlmandır, türkdür. İstanbulda Eminönündə Kasımpaşa, Divani-Alidə qeydiyyatdadır. Atasının adı Mehmeddir (Əslində, Məhəmmədibrahim).

– Vəfatını təsdiqləyən həkim Dr. Həmid Atamandır (Cümhuriyyətin 100 tələbəsindən biri).

– Dəfn xərcləri üçün 144 lirə alınıb, Məhəmmədəli Rəsuloğlu ödəyib. Məzar sahibi kimi də o göstərilib.

Məzarlıq kağızına qol çəkənlər Abbas bəyin həyat yoldaşı Müzeyyen İldeniz və yaxın dostu Məhəmmədəli Rəsuloğlu olub.