Xarici jurnalistlər Ağdamda

31 İyul 2021 20:39 (UTC+04:00)

Yaponiya, İspaniya, İtaliya, Bolqarıstan və İordaniyadan olan jurnalistlər işğaldan azad edilmiş ərazilərimizə səfərləri çərçivəsində iyulun 31-də Ağdam rayonunda olublar.

Teleqraf.com xəbər verir ki, xarici media nümayəndələri Ağdamın tarixi, hazırkı vəziyyəti, ermənilərin rayonda törətdikləri dağıntılar, eləcə də tarixi, dini və mədəni abidələrimizin vandalizmə məruz qalması, həmçinin rayonda həyata keçiriləcək quruculuq işləri barədə ətraflı məlumatlandırılıb.

Bildirilib ki, Ermənistan tərəfindən işğal edilənədək Ağdam nəinki Qarabağ bölgəsinin, eləcə də respublikanın ən böyük, inkişaf etmiş şəhərlərindən biri olub. Burada sənaye və kənd təsərrüfatı inkişaf etmişdi. Ermənilər 1993-cü il iyulun 23-də Ağdamı işğal etdikdən sonra şəhərdə və rayonun kəndlərində yaşayış evlərini, ictimai binaları, məktəbləri, mədəniyyət ocaqlarını, uşaq bağçalarını, xəstəxanaları, istehsalat müəssisələrini talan edib, dağıdıb və yandırıblar. Ağdamda qəbiristanlıqlar, tarixi-mədəni abidələr də erməni vandalizminə məruz qalıb. Vaxtilə Azərbaycanın ən gözəl şəhərlərindən bir olan Ağdamdan indi, sadəcə, talan edilərək viranəyə çevrilmiş xarabalıqlar qalıb.

Diqqətə çatdırılıb ki, ötən ilin payızında Azərbaycan Ordusunun 44 günlük müharibədə qazandığı Zəfər nəticəsində Ağdam da işğaldan azad edilib. İndi Ağdamın yeni bərpa, quruculuq dövrü başlayıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 28-də Ağdama səfəri zamanı avtomobil yolunun, ilk yaşayış binasının, Sənaye Parkının, 1 nömrəli məktəbin yeni binasının təməlini qoyub, meşə-parkda ağac əkib.

Ağdamın yeni Baş planına əsasən, şəhərinin ərazisi 1750 hektar, şəhərətrafı bağlar 2450 hektar olacaq. Burada ağıllı və dayanıqlı sosial infrastruktur yaradılacaq. Şəhərdə 15 ədəd məktəb və uşaq bağçasının inşası nəzərdə tutulub. Məktəb və uşaq bağçalarının əhatə dairəsi 500 metr təşkil edir. Ağdamda ilkin olaraq şəhər sakinləri və qonaqları üçün 125 hektarlıq böyük meşə parkı salınacaq. Həmçinin Ağdamda Sənaye Parkı da yaradılacaq.

Xarici media nümayəndələri stendlərdə Ağdam şəhəri üçün yeni məscid nümunələri, bina tipologiyaları və şəhərətrafı obyektlər, yol-nəqliyyat infrastrukturu ilə tanış olublar.

Sonra Ağdam şəhər Cümə məscidinə gələn qonaqlara ermənilərin müharibə cinayətləri, mədəni, tarixi, dini abidələri məhv etmələri barədə məlumat verilib. Bildirilib ki, ermənilər işğal etdikləri digər rayonlarda olduğu kimi, Ağdamda da Azərbaycanın tarixi-mədəni irsinə qarşı görünməmiş vandalizm həyata keçiriblər. Rayondakı abidələr, mədəniyyət ocaqları, məscidlər, qəbiristanlıqlar dağıdılıb, təhqir edilib, bəziləri isə erməniləşdirilib. Erməni vandalizminə məruz qalan tarixi-dini abidələrdən biri də Ağdam şəhər Cümə məscididir. Ağdam Cümə məscidi 1868-1870-ci illərdə memar Kərbəlayi Səfixan Qarabaği tərəfindən tikilib. Ölkə əhəmiyyətli abidələr siyahısında olan bu məscid “Qarabağ məscid memarlığı” məktəbinə aiddir. Ermənilər məscidi hərbi məqsədlərə görə dağıtmayıb, onun minarələrindən koordinasiya üçün istifadə ediblər. Erməni vandalları Ağdam Cümə məscidində də mal-heyvan saxlamaqla azərbaycanlılara, müsəlman aləminə qarşı öz nifrətlərini nümayiş etdiriblər.

Daha sonra qonaqlar Ağdam şəhərinin mərkəzi küçəsində ermənilərin yerlə-yeksan etdikləri binaların qalıqlarına baxıblar. Ağdam Dram Teatrının qalıqları da bu küçədədir. Qonaqlara ermənilərin mədəni irsimizə, o cümlədən Ağdam Dövlət Dram Teatrına vurduğu zərər barədə ətraflı məlumat verilib. Bildirib ki, işğal dövründə hər şeyi məhv edən ermənilər mədəniyyət ocaqlarını, musiqi məktəblərini də dağıdıblar. Məlumat verilib ki, Ağdam şəhərində Zəfər muzeyi və açıq hava altında İşğal muzeyi yaradılacaq. Teatr binasının qalıqları da açıq səma altında muzeydə saxlanılacaq.

Jurnalistlər Ağdama səfər zamanı Qiyaslı məscidini də ziyarət ediblər. Qonaqlar məscidin tarixi və ermənilərin törətdikləri barbarlıqlar barədə məlumatlandırılıb. Bildirilib ki, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən 30 ilə yaxın davam edən işğalı zamanı xalqımıza məxsus yüzlərlə daşınmaz tarix, mədəniyyət və dini abidələr dağıdılıb, mənimsənilib, tarixi-mədəni təyinatına uyğun olmayan şəkildə istifadə edilərək vandalizmə məruz qalıb. Qarabağda erməni vandalizminə məruz qalan tarixi-dini abidələrdən biri də Ağdam rayonunun Qiyaslı kəndindəki XVIII əsrə aid məsciddir. Kənd məscidindən mal-qara tövləsi kimi istifadə edən işğalçılar rayonu tərk etməmişdən əvvəl onu yandırıblar.