Jirinovskiyə sərt cavab - "Azərbaycana uzanan dili..."

1 Avqust 2021 13:46 (UTC+04:00)

Keçmiş sovet respublikaları xalqlarına hər zaman düşmənçiliyi və dil uzatmağı ilə seçilən Jirinovski yenidən sərsəmləyib. Bu adamın əsas işi digər ölkələrin daxili işinə qarışmaq, onları təhqir etmək və aşağılamaqdır.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

O qeyd edib ki, söyüşkən, jarqon ifadələrdən öz çıxışlarında davamlı istifadə edən Jirinovski normal polemika aparmaq qabiliyyətinə malik deyil: “Dəvət edildiyi bütün verilişlərdə aparıcıları aşağılayır. Onun təhqir etmədiyi, söymədiyi siyasətçi, ictimai xadim və veriliş aparıcısı qalmayıb.

Əsas ritorikası söyüş və təhqir olan bu şəxs hələ də anlamır ki, bu sərsəm bəyanatları ilə Rusiya ilə keçmiş sovet respublikaları arasında münasibətləri korlayır. Yaxşı olardı ki, o, bu enerjini xalqlar arasına nifaq və düşmənçilik salmağa, onları aşağılamağa və təhqirə deyil, dostluq və əməkdaşlıq əlaqələrinin gücləndirilməsinə sərf edəydi”.

Deputatın fikrincə, Jirinovski anlamaladır ki, artıq sovet ittifaqı yoxdur, Azərbaycan suveren, müstəqil respublikadır və onun daxili işlərinə heç kim qarışa bilməz: “Jirinovskiyə xatırlatmaq lazımdır ki, Azərbaycan xalqı ona uzanan dili və əli kəsməyə qadirdir. Azərbaycan xalqı 44 günlük Vətən müharibəsində bunu bir daha nümayiş etdirdi”.

Ceyhun Məmmədov hesab edir ki, Azərbaycan Ermənistandan fərqli olaraq hər zaman Rusiya ilə dostluğun və əməkdaşlığın gücləndirilməsinə xüsusi önəm verib: “Ölkəmiz Rusiya ilə münasibətlərdə səmimi və açıq olub. Ermənistan isə hər zaman ikili oyun oynayıb, xəyanət edib. Necə ki bu gün bunu yenə edir. Prezident İlham Əliyev dəfələrlə Rusiya Prezidenti ilə dostluq əlaqələrinə malik olduğunu vurğulayıb. Azərbaycan-Rusiya münasibətləri davamlı inkişaf edir. Bu əlaqələrin inkişafına heç kim xələl gətirə bilməz”.