İsraildən Türkiyə açıqlaması: “Bunu Ankaraya bildirdik, bizə dedilər ki...”

2 Avqust 2021 22:26 (UTC+04:00)

İsrail Xarici İşlər Nazirliyi Türkiyənin bir çox bölgəsində baş verən yanğınlarda həyatını itirənlərə başsağlığı mesajı verib.

Teleqraf.com xəbər verir ki, nazirlik İsrailin bu çətin günlərində Türkiyəyə yardım etməyə hazır olduğunu bildirib.

“Türkiyədəki meşə yanğınlarının səbəb olduğu fəlakətdən sonra İsrail xalqı yaralıların tezliklə sağalması üçün dua edir və həyatını itirənlərin ailələrinə başsağlığı verir”, - açıqlamada qeyd olunub.

Eyni zamanda, İsrail Xarici İşlər Nazirliyinin sözçüsü Lior Hait sosial şəbəkədə Təl-Əvivin yanğınlara qarşı Türkiyəyə kömək təklifinin Ankara tərəfindən rədd edilməsi iddiasına da cavab verib.

O, bunun doğru olmadığını söyləyib: “İsrailin yardım təklifinin Türkiyə tərəfindən rədd edilməsi ilə bağlı yayılan iddia doğru deyil. Türkiyə rəsmiləri ilə danışdıq, özləri mübarizə apardıqlarını bildirdilər. Əlbəttə, köməyə ehtiyac olarsa, İsrail yardım edə bilər”.