Pakistanda olan Akardan kritik açıqlama: “Bazar günü...”

12 Avqust 2021 12:54 (UTC+04:00)

“Məsələ yaxın günlərdə həllini tapacaq. Türk əsgərini heç bir halda təhlükəyə ata bilmərik”.

Teleqraf.com xəbər verir ki, bunu Pakistanda səfərdə olan Türkiyə müdafiə naziri Hulusi Akar Kabil (Əfqanıstan) hava limanının təhlükəsizliyi ilə bağlı danışarkən deyib.

Akar səfər çərçivəsində Pakistan Prezidenti Arif Əlvi və Baş nazir İmran Xan tərəfindən qəbul edildiyini, müdafiə naziri Pərviz Xəttək və müdafiə sənayesi naziri Zobayda Cəlalla görüşdüyünü bildirib.

O, bu görüşlərdə Türkiyə və Pakistan arasındakı ikitərəfli əlaqələr başda olmaqla bir çox məsələnin müzakirə edildiyini söyləyib: “Önümüzdəki günlərdə həm müdafiə sənayesi, həm də hərbi təlim və əməkdaşlıqla bağlı işlərimizi daha da irəli aparmaq barədə razılığa gəldik”.

Pakistanla MİLGEM layihəsinin uğurla həyata keçirildiyini qeyd edən Akar bu proyektin ilk gəmisi “Babur”un bazar günü İstanbulda keçiriləcək mərasimdən sonra dənizə endiriləcəyini bildirib.

Türkiyənin Kəşmir münaqişəsində, xüsusilə Prezident Rəcəb Tayyib Ərdoğan başda olmaqla Pakistana hər səviyyədə dəstək verildiyini bildirən Akar deyib: “Qarşıdakı dövrdə iki ölkə arasında qardaşlığın daha da inkişaf edəcəyini söyləyə bilərəm”.