Qarabağa göylə səfər: Torpaqlara enməyin vaxtı çatdı... - Reportaj

6 Sentyabr 2021 09:05 (UTC+04:00)

Bir qrup media mənsubunun həftəsonu Qarabağa səfər edəcəyini və mənim də həmin dəstəyə qoşulmaq imkanımın yarandğını biləndə ilk sual bu oldu: Hara gedəsiyik? Hələlik hər şey dərhal açıqlanmır, bir ili tamamlanmamış müharibənin bəzi xüsusatları, ola bilsin, qeyri-müəyyyən hava şəraiti, bir də, ən əsası, sonradan öyrənəcəyimiz kimi bir İLKin şahid və iştirakçısı olmağımız təfərrüatın yarımgizli saxlanmasına dəlalət edirmiş.

Nəhayət, bir gün öncə bildik: Qarabağa GETMƏYƏCƏYİK, Qarabağa lap nağıllardakı kimi, di gəl nağıllardan fərqli, xalçada yox, 237 sərnişin tutumu olan “Airbus A340-500” tipli nəhəng hava gəmisində UÇACAĞIQ. Bu, Füzuli Beynəlxalq Hava Limanına ilk sınaq uçuşuydu.

Beləliklə, biz Qarabağa göylə getdik. Göylə getmək belədir: cəmi 35 dəqiqə çəkdi.

İndi tarix necə sürətlə yazılır, adam mat-məəttəl qalır. İndi hər şey sürətlə baş verir, təkcə tarixlə ayaqlaşmaq yox, həm də tarixlə düzgün yazışmaq, daha doğrusu, tarixi düzgün yazmaq lazımdır.

Bakıdan təxminən 11-ə qalmış göyə qalxdıq, 35 dəqiqə sonra Füzuli Beynəlxalq Hava Limanına endik. Aşağı düşdük. Müqəddəs Qarabağ torpağına, sürətli və böyük bir zəhmətin nəticəsi olan beton zolağa, aeroportun səthinə - tarixin səhifəsinə, yəni birbaşa tarixin özünə düşdük...

İlk sınaq uçuşu uğurla başa çatdı. Düzünü deyim, mən bir Bakıdan göyə qalxanda, bir də Qarabağa enəndə kövrəldim və yanımda oturmuş fotoqraf Pərvizdən xəbərsiz sakitcə ağladım. Hamı əl çaldı. Təyyarə yavaş-yavaş, təmkinlə zolaq boyu hərəkət elədi.

Vətən təkcə torpaq deyil, həm də Göydür!

KİÇİK BİR XATIRLATMA

...Yarımbaşlığı “Böyük bir xatırlatma” da yazmaq olardı. Onsuz da hər şey bir az mübaliğəli çıxır. İnsan sevinəndə gözündə eynək böyüyür... Qərəz, biz tikintisi hələ tam başa çatdırılmamış Füzuli Beynəlxalq Hava Limanındayıq. Fikir verirsizsə, bugünün tarix yazanları ayın-günün simvolikasına, eyniyyətinə, simmetriyasına diqqət yetirirlər.

Sonradan düşmənin cənub istehkamına çevrilmiş, bütövlükdə səngər, tunel, blindaj halına gətirilmiş Füzuli rayonu Birinci Qarabağ müharibəsi zamanı elə bu vədələrdə, yəni avqust ayında, lap dəqiq desək, 23 avqust 1993-cü ildə işğal olunub. Elə tarixin bu ərəfəsində, amma 28 il sonra Füzuli rayonuna Bakıdan ilk təyyarə uçuşu həyata keçirildi.

Aeroportun inşası üzrə layihə meneceri Selim Akbay açıqlmasında işlərin sentyabrda tam yekunlaşacağını söylədi: “Biz layihənin icrasına başlayanda burada heç nə yox idi, hər yer minalıydı. Buna baxmayaraq, Azərbaycan dövləti tikinti üçün lazım olan bütün zəruri addımları atdı. Ərazi minalardan təmizləndi, elektrik verildi və biz işə başladıq”.

Təsəvvür edirsiz? Yaxınlıqda Füzuli şəhəri, hazırkı hava limanının yerində aeroport olub, düşmən hamısını “heç nə”yə çevirib, yox eləyib, indi yoxdan bir Qarabağ inşa olunur.

HAVA LİMANINDA NƏ GÖRDÜK?

Jurnalistlərin bir qrupu, xüsusən çəkiliş aparan qismi hava limanına sentyabrın 5-də gecə yola düşmüşdü, onların haqqında “yola düşmüşdü” ifadəsini işlədə bilərik, çünki Bakıdan gecə saat 3-də avtobusla çıxmışdılar.

Sərnişin təyyarəsindən öncə "Silk Way" aviaşirkətinə məxsus ən böyük yük təyyarələrindən olan "Boeing 747-400" tipli hava gəmisi də Füzuli Hava Limanına eniş icra etmişdi. Beləliklə, bu təyyarəylə Qarabağa ilk dəfə yüklər çatdırılmışdı.

Təməli bu ilin yanvarında qoyulan, fevralda tikintisi başlanan hava limanında uzunluğu 3000 metr, eni 60 metr olan uçuş-enmə zolağı istismara verilib. Uçuş-enmə zolağı Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) bütün tələblərinə uyğun olaraq uçuşların təhlükəsizliyini təmin etmək üçün instrumental enmə və naviqasiya sistemləri, işıq-texniki, ilkin və ikinci radiolakasiya sistemləri ilə təchiz olunub. Bu, hava limanına istənilən tip təyyarələrin qəbul edilməsinə imkan verəcək. Perronun sahəsi 60 min kvadratmetrdir.

Məlumata görə, aeroport tam həcmdə ilin sonunda istismara veriləcək. Hələlik hava limanının uçuş-enmə zolağı hazır olsa da sərnişinlərin gözləmə salonunda, inzibati binada iş gedir.

Başqa məlumatları da nəzərinizə çatdırırıq.

Yeni aeroport bir saata 250-300 sərnişin qəbul etmək imkanında olacaq. Hava limanının perronunun sahəsi isə 60 min kvadrat metr təşkil edəcək. Təyyarə dayanacağı 8 hava gəmisi üçün nəzərdə tutulub.

Hava limanının tikntisində 350 nəfər iştirak edib.

Hava limanı uçuş kütləsi 400 ton olan təyyarələri qəbul edə biləcək. Airbus-380 və Boeing-487 təyyarələdən başqa bütün sərnişin təyyarələrı bu hava limanına enə biləcək.

Bu, Şuşaya hazırda ən yaxın hava limanıdır. Zəfər yolu yolunun tikintisi başa çatdırılandan sonra Füzulidən bu yolla Şuşaya 1 saata getmək mümkün olacaq.

Hava limanının tikintisi üçün 250 hektar ərazi minalardan təmizlənib. Onun 140 hektarı aeroportun özü, qalanı isə yardımçı tikililər üçün istifadə edilib.

Ümumiyyətlə, Füzuli rayonunu Qarabağın yol-kommunikasiya mərkəzinə çevirməyin planı tutulduğu deyilir. AZAL-ın vitse-prezidenti Eldar Hacıyev də Füzulini Qarabağın hava qapısı adlandırdı. O, indi hava limanına və deməli, mülki həyatın bir hissəsinə çevrilməkdə olan bir ərazidə 11 ay öncə qızğın döyüşlərin getdiyini xatırlatdı və bunun təsəvvürə sığışmadığını vurğuladı...

Şərqi Zəngəzurda iki hava limanın tikintisinə başlandığını da Eldar Hacıyev xəbər verdi.

İş başlayıb, amma onun qaynar çağı qarşıdadır...

ELƏ ONA GÖRƏ DƏ...

Belə deyək: Qarabağ qurtulub, indi onu qurmağın vaxtıdır. Elə ona görə də göydən yerə enməliyik, romantikaya son qoymalıyıq, təməli daha dərin qazmalıyıq. Yeni Qarabağ, yeni qarabağlı yaranmalıdır; şəhərlər, kəndlər salınmalı, körpələr doğulmalıdır...

Göylərdə isə AZAL-ın təyyarələri, bir də şairlərin xəyalı cövlan edə bilər. Buna icazə var. Bundan bizə ziyan gəlməz...