Mütəxəssis açıqladı: "Buna görə 3-cü doza tələb olunur..." - Müsahibə

7 Sentyabr 2021 14:12 (UTC+04:00)

Tibb üzrə fəlsəfə doktoru, infeksionist Vüqar Cavadzadə Teleqraf.com-un suallarını cavablandırıb.

Müsahibəni təqdim edirik.

- Doktor, Avropa Dərman Agentliyi, Amerika Ərzaq və Dərman Administrasiyasının yeniyetmələrə mRNT Pfizer (“Comirnaty”) peyvəndinin vurulmasına rəsmi icazələrini, eləcə də cari epidemioloji vəziyyəti nəzərə alaraq Səhiyyə Nazirliyinin Elmi Tibbi Şurası və TƏBİB-in Elmi Komitəsi xüsusi hallarda 16-18 yaşlı şəxslərə peyvənd vurulacağı qərarını qəbul edib. Xüsusi hallar dedikdə hansılar nəzərdə tutulur?

- İstisna hallar xroniki xəstəlikdən əziyyət çəkənlər və xaricdə təhsil alanlardır. Kimlərdə xroniki xəstəliklər var, onlara peyvənd vurulacaq. Burada məqsəd şəxsin xəstəliyi yüngül keçirməsi, ölüm hallarının azaldılmasıdır.

- Niyə məhz Pfizer vaksini vurulacaq? Bu, digər vaksinlərə qarşı etimadı azaltmırmı?

- Yox. Sadəcə, bu yaş qrupunda Pifizer vaksini ilə tədqiqatlar aparıldığı üçün sözügedən vaksin tətbiq olunur.

- Türkiyədə 12 yaşdan yuxarı uşaqlara peyvənd vurulacaq. Ölkəmizdə necə, vaksin vurulmasında yaş həddi aşağı düşə bilərmi?

- Əlbəttə. 12 yaşdan yuxarı şəxslərə də vaksin vurula bilər. Hələ ki bu yaş kateqoriyasında üçüncü faza tədqiqatlar başa çatmadığına görə onun tətbiqinə başlanılmayıb. Təbii ki, bu halda öncə xroniki xəstələr nəzərə alınacaq.

- Allergiyası olan şəxslərə əks göstəriş sertifikatı verilir. Burada hansı allergiyalar nəzərdə tutulur? Kimlərə peyvənd vurdurmaq olmaz?

- Kəskin və xroniki infeksion xəstəliyi olanlara, altimmun xəstələrinə, kəskin gedişatlı allergiyalı insanlara, eləcə də qan sisteminin bir sıra xəstəlikləri zamanı vaksin vurmaq olmaz.

- Bəs, zəhərli zob xəstələrinə peyvənd vurmaq olarmı?

- Bəli. Çünki bu xəstələr virusa yoluxduqları zaman xəstəliyi ağır keçirirlər. Zob endekrionoloji xəstəlikdir. İnfeksion xəstəlik olmadığı üçün peyvəndin əks göstərişi olmayacaq.

- Son zamanlar yoluxma sayı artıb. İnsanlar düşünürlər ki, vaksinasiya aparılırsa, niyə ölüm sayı çoxalır? Sizin bu barədə fikirləriniz necədir?

- Yoluxma artırsa, ölüm halları da artacaq. Gündəlik 4 min insan xəstəliyə yoluxur və ölüm sayı 40-45 arasında dəyişir. Hazırda yoluxmalar delta ştammının hesabına baş verir. Bu mutasiya növündə isə yoluxuculuq yüksəkdir. Ölüm halları qeydə alınan insanların böyük əksəriyyəti vaksinasiyadan kənarda qalan və saxta pasport alan şəxslərdir.

- Ötən gün Sinovak vaksini olunanların virusun Mu mutasiyasına yoluxacağı barədə xəbər yayıldı...

- İstənilən vaksin vurdurduqdan sonra onun yaratdığı immunitetin müddəti 6 aydır. 3 ay güclü immunitet yaranır, 3 aydan sonra isə immunitet zəifləməyə doğru gedir. Ona görə də, 6 aydan sonra təkrar vaksinasiya olunmaq lazımdır. Burada vaksinin keyfiyyəti, yaxud immunitet məsələsi deyil, sadəcə antitellər qanda 6 ay qalır.

- İlk dəfə vaksin vurulanda 2 doza tətbiq olunur. Nəyə görə 6 aydan sonra üçüncü doza ilə kifayətlənilir?

- İlk doza vurulan zaman koronavirusa qarşı qanımızda antitel olmur. Vaksin olunduqdan sonra qanda yaranan antitellər 6 aydan sonra itir, miqdarı həddindən artıq aşağı düşür, qoruyuculuq qabiliyyəti olmur. Üçüncü doza vurulduqda isə əvvəldən immunitet formalaşdığına görə qanda antitellərin miqdarı az olsa da, qısa zamanda artır və qoruyuculuq qabiliyyəti sürətlənir.

- Hazırkı dövrdə vətəndaşlara tövsiyələriniz nələrdir?

- Əhalidən xahiş edirik ki, Operativ Qərargahın tələblərinə riayət edib, özlərini qorusunlar. Qapalı məkanlarda maska taxılmalıdır. Nəzərə alaq ki, ölkəmizdə yayılan Delta ştammı yüksək yoluxuculuq qabiliyyətinə malikdir. Peyvəndin əhəmiyyəti böyükdür. Hər kəs peyvənd olunub, özünü qorumalıdır.