Rusiyanın yeni planı: Ukrayna və NATO... - Analitik

14 Sentyabr 2021 09:05 (UTC+04:00)

Rusiya liderliyində “Qərb-2021” hərbi təlimlərinin keçirilməsinin məqsədləri var. Əlbəttə, bu, güc nümayişidir. Hesab edirəm ki, təlimlərdə Qazaxıstan və Hindistanın iştirakı simvolik məna kəsb edir.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı, analitik Rasim Musabəyov Rusiya liderlərində 200 minlik ordunun, 80 qırıcı və helikopterin, o cümlədən 300-ə qədər zirehli texnikanın iştirakı ilə hazırda keçirilən hərbi təlimlər haqqında danışarkən deyib.

Rasim Musabəyov bildirib ki, təlimlər böyük bir ərazidə keçirilir: “Ancaq bu, o demək deyil ki, Rusiya 200 minlik ordusunu Belarus və ya Ukrayna ilə sərhədlərdə cəmləşdirir. Əslində böyük bir ərazidə təlimlər keçirilir. Konkret düşünmürəm ki, Belarusa 15 mindən çox əsgər toplansın. Bunlar fərqli məkanlarda keçirilən ümumi hərbi təlimlərdir”.

Politoloq hesab edir ki, Rusiya liderliyində keçirilən bu təlim həm Ukraynaya hədədir, həm də NATO-ya əzələ nümayişidir. Bunun ayrı qiyməti yoxdur: “Bununla göstərirlər ki, Qərb Ukraynanı nə qədər gücləndirsə də, Rusiya təhlükə gördüyü anda vəziyyəti öz xeyrinə dəyişmək gücündədir. Yeri gəlmişkən, ruslar əsas təhlükəni Ukraynanın NATO-ya üzv olmasında görürlər. Əlbəttə, bu, özü gərginlikdən xəbər verir. Bu, təzyiqdir və əzələ nümayişidir. Ancaq hesab edirəm ki, bu reallığı həm Brüsseldə, həm də Vaşinqtonda düzgün qiymətləndirirlər. Həmçinin də Kiyevdə”.