"Bakıdan maşınla Şuşaya getmək..." - Səməd Seyidov

13 Sentyabr 2021 20:27 (UTC+04:00)

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin deputatı Səməd Seyidov Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Səməd müəllim, bu günlərdə Azərbaycanın Mədəniyyət paytaxtı Şuşada oldunuz, təəssüratlarınızı bölüşərdiniz...

- Yaşadığım hissləri sözlə ifadə etmək çox çətindir. Şuşada keçirdiyim hər anda ulu öndər Heydər Əliyevin “Mən fəxr edirəm ki, azərbaycanlıyam” deyimini xatırlayırdım. Bu şəhərdə olanda adamın ürəyindən bir çox hisslər keçir. Bir daha Ali Baş Komandana, Azərbaycan Ordusuna öz təşəkkürümü bildirirəm. Siz təsəvvür edin Bakıdan maşına əyləşib, dümdüz yol ilə Şuşaya gedib çıxırsan. Bu, ayrı bir hissdir.

- İşğala qədər Şuşada olmuşdunuzmu?

- Heç vaxt Şuşada olmamışdım. Nə işğaldan öncə, nə də işğal dövründə Şuşanı görmək nəsib olmuşdu. 2002-ci ildə AŞPA-nın ezamiyyət xətti ilə Ermənistana getmişdim. İndi Şuşada qazaxıstanlı dostlarımızla birlikdə II Qarabağ müharibəsindəki zəfərin əzəmətindən bəhs etdik. Tarixi Zəfər yolu tam hazırdır, şüşə kimi bir yoldur. Bu yol dağlardan, təpələrdən keçir. Azad ərazilərdə bu gün yollar, elektrik xətləri çəkilib. Mədəniyyət paytaxtında yarımstansiya, xalça, incəsənət muzeyi, Bülbülün ev muzeyi, Vaqifin məqbərə kompleksi, Üzeyir Hacıbəyovun, Natəvanın, Bülbülün büstləri artıq öz əbədi olacaqları yerdə qoyulub. Şuşada "Xarıbülbül", "Qarabağ" hotelləri məhz qısa zaman kəsiyində tikilib və yüksək səviyyədə xidmətə təhvil verilib. Eyni zamanda tarixi şəhərdə infrastrukturun bərpası işləri sürətlə icra olunur.

- Şuşada olarkən sözsüz ki, qəhrəmanların şücaəti bir daha göz önündə canlanır...

- Sözsüz ki, Şuşada səhəri açmaq, bu tarixi şəhərin havasını içinə çəkmək qəhrəmanlarımızın sıldırım qayalardan qalxaraq buranı düşməndən azad etməsi göz önündə canlanır. Orada olarkən bir daha Azərbaycanın və qəhrəman əsgərlərin sücaətindən, qürurundan danışmaq tamam başqa hisslərdir. Sözün əsl mənasında həyatımda yaşamadığım hissləri, anları düşüncələri yaşadım.

- Şuşadan Xankəndi görə bildinizmi?

- Tarixi Azərbaycan şəhəri olan Xankəndi dörd bir tərəfdən Azərbaycanın əhatəsindədir. Öncəki söhbətlərimizdə də bunu demişəm ki, bu məsələnin də geci-tezi var. Azərbaycan elə bir reallıq yaradıb ki, onu heç bir qüvvə dəyişə bilməz. Ona görə də, bu qüruru, hissləri, içərisində yaşadığımız eyforiyaya o qədər də alüdə olmamalıyıq. Qələbəmiz bizdə arxayınlıq yaratmamalıdır. Çünki tarixi qələbəmiz o qədər möhtəşəm, qürurludur ki, bu hansısa mərhələdə bizi arxayın sala bilər. Qətiyyən buna yol vermək olmaz. Əksinə daha gərgin və yüksək və əhatəli məqsədyönlü işləməliyik.

- Şuşaya gedərkən azad olunan ərazilərdə hansı işlərin görüldüyünü müşahidə etdiniz?

- Yol boyu möcüzəvi bir dirçəlişi müşahidə etdik. Füzuli beynəlxalq aeroportunun tikintisi, elektrik stansiyaları, digər zəruri infrastruktur layihələri, eyni zamanda Şuşaya ikinci bir yolun tikintisi ilə bağlı da işlər getdiyini gördük. Bu, Şuşaya gedən birbaşa yol olacaq. Bu yolun bir çox hissəsinin tunellərdən ibarət olması nəzərdə tutulub. Çünki biz azərbaycanlılar hər zaman qurub yaratmaq, sülh və inkişaf haqqında düşünmüşük. Amma buna baxmayaraq düşmən barbar, faşist siyasət aparıb.

- Sülhməramlıların dayandığı mövqeləri müşahidə edə bildinizmi?

- Sülhməramlılar öz öhdələrinə düşən işləri görür. Azərbaycan tərəfi bütün məsələlərə nəzarət edir. Amma buna baxmayaraq bu gün azad torpaqlarda o qədər miqyaslı işlər görülür ki, bunun qarşısını almaq üçün müəyyən dərəcədə maraqlı qüvvələr hələ də qalmaqdadır.

- Laçın dəhlizi və oradan gedən-gələn maşınları görə imkanı oldumu?

- Ora daxil olan maşınları görmək olur. Biz də bunu müşahidə etdik ki, İrandan ora bir sıra yük maşınları gəlib-gedir. Bu, qanunsuz səfərlərdir. Mətbuatda da bununla bağlı fikirlər var. Azərbaycan Xarici İşlər Nazirliyi də bununla bağlı bəyanat verib. Azərbaycan öz etiraz məktubunu da göndərib. Ona görə də, bu cür məsələlərdə daha diqqətli və tələbkar olmalıyıq.