Əsəd gözlənilmədən Moskvaya gəldi - Kremldə müəmmalı görüş

14 Sentyabr 2021 12:57 (UTC+04:00)

Rusiya Prezidenti Vladimir Putin Suriya lideri Bəşər Əsədlə görüşüb.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya dövlət başçısının rəsmi saytında məlumat yayılıb.

Danışıqlar Kremldə baş tutub.

Əsədin gözlənilmədən Moskvaya gəldiyi bildirilib.

Putin həmkarını yenidən prezident seçilməsi və bu yaxınlarda qeyd etdiyi doğum günü münasibətilə təbrik edib.

“Prezident seçkilərinin nəticələri insanların sizə güvəndiyini və əvvəlki illərin bütün çətinliklərinə və faciələrinə baxmayaraq hələ də yaralardan sağalma və normal həyata qayıtma prosesini sizinlə əlaqələndirdiyini göstərir”, - Putin bildirib.

Rusiya lideri Suriyadakı bəzi xarici qüvvələrin Suriyanın birləşməsinə mane olduğunu deyib: “Bu, açıq şəkildə beynəlxalq hüquqa ziddir və ölkəni möhkəmləndirmək üçün maksimum səy göstərmək və bütün ərazilərə qanuni hökumət tərəfindən nəzarət edilməsi yönündə sürətli addımlar atılmasına mane olur”.

Putin Suriya liderinin siyasi rəqiblərlə dialoq qurmaq üçün çox iş gördüyünü vurğulayıb, bu prosesin davam edəcəyinə ümid etdiyini bildirib.

Putin Suriya hökumətinin ölkə ərazisinin 90 faizindən çoxuna nəzarət etdiyini söyləyib.

Əsəd isə Rusiya və Suriya ordularının birgə səyləri nəticəsində müsbət irəliləyişlərin əldə edildiyini qeyd edib.