Müttəfiqlərindən Ermənistana ağır zərbə: “Azərbaycanı seçdilər”

15 Sentyabr 2021 13:54 (UTC+04:00)

“KTMT üzvləri – Belarus və Qazaxıstan Azərbaycanı dəstəkləyir, buna görə də hərbi əməkdaşlıq üçün başqa formatları nəzərdən keçirməliyik”.

Teleqraf.com xəbər verir ki, bunu erməni siyasi ekspert Aleksandr Markarov deyib.

Ekspert KTMT-nin 44 günlük müharibə və bundan sonrakı dövrdə Ermənistanın maraqlarına cavab vermədiyini bildirib.

Markarov bu durumun Ermənistanın bu hərbi bloka sədrliyi dönəmində də dəyişməyəcəyini söyləyib:

“Bəllidir ki, KTMT ölkələri bu quruma üzv olarkən üzərlərinə müəyyən öhdəliklər götürüblər. Amma üzvlərdən bəziləri həm də Azərbaycanla münasibətlərin qorunmasını prioritet hesab edirlər. Heç kimə sirr deyil ki, xüsusən də Qazaxıstanın mövqeyi həmişə Ermənistanın mövqeyinə uyğun gəlməyib. Belarusu da bura aid edə bilərik. Belarusun da Cənubi Qafqazda təhlükəsizliklə bağlı mövqeyi Ermənistanın maraqlarına uyğun gəlmir.

Digər tərəfdən, Ermənistanın milli maraqlarına uyğun olan digər formatlar da var. Məsələn, Rusiya ilə əməkdaşlıq”.

Markarov hesab edir ki, Rusiya və Belarus Mərkəzi Asiya ilə yanaşı, Cənubi Qafqazdakı çətin vəziyyət haqda ciddi problemlərin olduğunu dilə gətirmələrinə baxmayaraq, üzv dövlətlər KTMT daxilində əməkdaşlığı dərinləşdirməyə hazır deyillər. Onun sözlərinə görə, NATO-nun ittifaq ölkələrinin sərhədləri yaxınlığında fəallaşması belə buna təsir etmir.

“Ermənistan bundan əvvəl KTMT-yə sədrlik edəndə “sürətli reaksiya qüvvələri”nin yaradılması təklifini verdi. Amma bu, baş vermədi, həmin qüvvələrin fəaliyyəti bu gün də nəzərə çarpmır. Bu baxımdan, Ermənistanın yeni sədrlik dönəmində təşkilatın fəaliyyətində köklü dəyişikliklərin olacağını ehtimal etmək çətin görünür”, - ekspert vurğulayıb.