Nuran Abdullayev yeni vəzifəyə seçildi

19 Sentyabr 2021 16:58 (UTC+04:00)

Almaniya Azərbaycanlıları Alyansının (AAA) İdarə Heyətinə seçkilər keçirilib.

Teleqraf.com xəbər verir ki, 13 nəfər İdarə Heyətinə üzv seçilib.

Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru Nuran Abdullayev Almaniya Azərbaycanlıları Alyansının (AAA) İdarə Heyətinə sədr müavini seçilib.

Tədbirdə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov və Azərbaycanın Almaniyadakı səfiri Ramin Həsənov da iştirak ediblər.

Qeyd edək ki, Alyansın İdarə heyətinin sədri Yaşar Musayev Bakı-Nürnberq Cəmiyyətinin rəhbəridir. İdarə Heyəti sədrinin müavini Nuran Abdullayev Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktorudur. Digər sədr müavini Sevda Qəribova Berlin şəhər senatının nəzdindəki orta məktəbdə pedaqoq-təlimçi kimi fəaliyyət göstərir, alman dilini tədris edir.

Qeyd edək ki, N.Abdullayev Azərbaycanı xaricdə layiqincə təmsil edən fəal həmyerlilərimizdən biridir. O, uzun illərdir Almaniyanın Köln Universiteti Klinikasında həkim kimi çalışır. Eyni zamanda klinikanın şöbə müdiridir.

Aktiv diaspor fəaliyyəti ilə məşğul olan həmvətənimiz həmçinin tibb elmi sahəsində onlarla elmi tədqiqatın müəllifidir.

Onun müəllifi olduğu elmi tədqiqatlar-araşdırmalar və tibb elminə gətirdiyi yeniliklər dünyaca nüfuzlu jurnallarda dərc olunaraq geniş oxucu kütləsinə təqdim edilib. O, beynəlxalq elmi arenada insult xəstələri ilə bağlı nüfuzlu elmi jurnallarda ən çox elmi tədqiqatları dərc olunan və aktiv elmi fəaliyyətlə məşğul olan ilk gənc azərbaycanlı kimi tanınır.

N.Abdullayev COVID-19 virusu ilə bağlı dünya elminə mühüm elmi tədqiqatlar və ciddi elmi nəticələr təqdim edən ilk azərbaycanlı alimdir.

N.Abdullayev Almaniyada insult xəstələrində beyin əməliyyatlarını icra edən ən gənc həkimlərdən biridir.