"Bu güzəşt nəinki qazilərə, veteranlara da tətbiq olunmalıdır" - Təklif

20 Sentyabr 2021 16:15 (UTC+04:00)

Sosial şəbəkədə Türkiyədə qazilərə avtobuslardan istifadə etmələri üçün xüsusi kartlar təqdim olunması ilə bağlı video yayılıb. Paytaxt Ankaradakı EGO avtobuslarında qazilərə özəl olaraq kartlar hazırlanıb, kartları oxutduranda "bu vətən sizə minnətdar" deyilir. Qazilər bu kartlar vasitəsilə ictimai nəqliyyatdan ödənişsiz istifadə edə bilirlər. Maraqlıdır, bizim ölkəmizdə də belə bir addım atıla bilərmi? Qazilərə bu və bənzər güzəştlər tətbiq olunmalıdırmı?

Mövzu ilə bağlı Teleqraf.com-a açıqlama verən ehtiyatda olan polkovnik Şair Ramaldanov hesab edir ki, məsələnin maddi tərəfi ilə yanaşı, mənəvi tərəfi də var.

Ekspert bildirir ki, təkcə qazilər yox, şəhid ailələri, müharibə iştirakçıları cəmiyyət arasında seçilməlidir: “Mən o videoçarxı izlədim və çox xoşuma gəldi. Bəlkə də avtobusun gediş haqqı o qədər də böyük əhəmiyyət daşımır. Lakin hansısa kitabça və yaxud sənədin əsasında ödənişsiz ictimai nəqliyyatdan istifadə edirsən və sənə minnətdarlıq sözləri deyilir. Bu, həm böyük psixoloji zövqdür, həm də mənəvi minnətdarlıqdır.

Düşünürəm ki, bu çox yaxşı bir addımdır və Türkiyədəki bu təşəbbüsü bizdə də tətbiq edək. Lakin bu, təkcə qazilərə yox, müharibə veteranlarına da tətbiq olunmalıdır. Elə veteranlar var ki, kifayət qədər şücaət göstəriblər, lakin yaralanmayıblar. Bu addımla onları qiymətləndirdiyimizi göstərmiş olacağıq. O cihazdan minnətdarlıq səsi gəldikdə ictimai nəqliyyatdakı hər kəs ona hörmətlə yanaşacaq.

Bu addım həm də gənc nəslin formalaşmasında, mənəvi psixoloji tərbiyəsində özünəməxsus yer tutacaq. Nə qədər qazilərimizi, şəhid ailələrimizi, veteranlarımızı uca tutsaq, gələcək nəslin yetişməsinə bir o qədər təsir edəcək. Düşünürəm ki, belə məqamları diqqətdə saxlamalıyıq”.

Millət vəkili Ceyhun Məmmədov isə fikirləşir ki, bu tipli güzəştlərin tətbiq olunması əvəzinə qazilərin müavinətləri artırılsa, daha yaxşı olar: “Hesab edirəm ki, bu məsələyə baxmaq olar. Amma burada bir məqamı xüsusilə qeyd etməliyik ki, bu gün Azərbaycanda bu kateqoriyadan olan insanlara dövlət tərəfindən ayrıca ödənişlər edilir. Bütün dünyanın təcrübəsinə baxdıqda, ayrı-ayrı ölkələrdə müxtəlif modellər tətbiq olunur.

Azərbaycanda xüsusilə müharibə iştirakçılarına, şəhid ailələrinə müavinətlər təyin olunduqda həmin xərclər nəzərə alınır. Avtobusların bir qismi özəl sahəyə aiddir, bəzi qurumlar özləri özlərini maliyyələşdirirlər. Güzəştlər olduğu zaman isə onların xərcləri ilə bağlı müəyyən suallar yarana bilər. Hesab edirəm ki, onların müavinətlərini artıraraq bu xərcləri nəzərə almaq daha uyğun variant olaraq görülür”.

"Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, metropolitendə gediş haqqı ilə bağlı güzəştlərin tətbiq edilməsi hüquqi normativ aktlarla tənzimlənir: “Yeddi yaşına qədər uşaqlar "Bakı Metropoliteni"ndən istifadə qaydalarına görə, polis əməkdaşları polis haqqında qanuna görə, müddətli həqiqi hərbi xidmət qulluqçuları müvafiq qanunvericiliyə görə metropolitendən ödənişsiz gediş haqqı imkanlarına malikdirlər. "Bakı Metropoliteni" bu mənada sadəcə olaraq qəbul edilmiş hüquqi normativ aktları icrasını təmin edir".

Qeyd edək ki, mövzu ilə bağlı Baki Nəqliyyat Agentliyinin (BNA) mövqeyini öyrənmək istəsək də, sorğumuz cavabsız qaldı.