Modern Əfqanıstan: islahatçı Məhəmməd Zahir şahın hakimiyyət illəri – Unikal fotolar

20 Sentyabr 2021 19:45 (UTC+04:00)

Əfqanıstan...

Bu gün adı çəkiləndə terror aktlarının, onilliklərdir davam edən vətəndaş müharibəsinin, dövlət çevrilişlərinin, narkotik qaçaqmalçılığının, xaş-xaş plantasiyalarının, publik edamların, qadınların hüquqsuzluğunun, vətəndaş müharibələrinin və çoxsaylı terror aktları nəticəsində yetim qalan körpələrin, müxtəlif əzalarını itirən on minlərlə insanın, dünyanın çoxsaylı ölkələrinə səpələnən qaçqınların yada düşdüyü ölkə.

Halbuki, 44-45 il öncə bu ölkə tamam başqa cür idi. Bura sivilizasiyanın mövcud olduğu tolerant bir diyar idi.

Hər şey necə başladı...

1919-cu ildə Böyük Britaniya protektoratı olan Əfqanıstan əmirliyinin əmiri Əmənulla xan Əfqanıstanın Böyük Britaniyadan ayrılaraq müstəqilliyini elan edir. Beləliklə, üçüncü ingilis-əfqan müharibəsi başlayır. 1923-cü ildə Əfqanıstan Krallığı (konstitusiyalı monarxiya) qurulur.

Əfqanıstanın müstəqilliyini tanıyan ilk dövlət Sovet Rusiyası olur. Sovet Rusiyası Əfqanıstana əhəmiyyətli iqtisadi və hərbi yardım göstərir.

1929-cu ildə SSRİ Əfqanıstanın devrilmiş kralı Əmənulla xanı dəstəkləmək üçün hərbi əməliyyat keçirir – Qırmızı ordunun Əfqanıstan yürüşü başlayır. 1930-cu ildə Əfqanıstan ərazisində basmaçı bazalarına qarşı əməliyyat həyata keçirilir.

XX əsrin əvvəllərində Əfqanıstan sənayenin tamamilə mövcud olmadığı, əhalisinin yarıdan çoxu savadsız, son dərəcə yoxsul əhalisi olan aqrar ölkə idi.

1933-cü ildə Əfqanıstanda hakimiyyətə Məhəmməd Zahir şah gəlir. Milliyyətcə puştu olan Zahir şah ölkəni 40 il (1933-1973) idarə edir. Məhəmməd Zahir şah böyük islahatçı kimi tanınır. Onun hakimiyyəti illərində yeni konstitusiya qəbul olunur, bir sıra mühüm islahatlar həyata keçirilir. Odur ki, bir çox əfqan padşahın idarə etdiyi illəri sabitlik və əmin-amanlıqla xarakterizə olunan Əfqanıstanın “qızıl əsri” kimi xatırlayır. Zahir şah hakimiyyəti dövründə hökumətə xarici müşavirləri dəvət edir, ilk müasir universitet qurur və əfqan qadınların çadra bağlamasının ləğv edilməsini müdafiə edir. Onun dövründə qadınlar təhsil almaq və səsvermə imkanı əldə edirlər. Kral ailəsinin üzvlərinə isə hökumətdə vəzifə tutmaq hüququ verilmir. Bu dövrdə ölkədə azad mətbuat və seçilmiş parlament meydana çıxır.

Şah, həmçinin, görkəmli diplomat hesab olunur. Hesab edilir ki, şah onun hakimiyyəti dövründə Əfqanıstana dominant olmağa çalışan Moskva və Vaşinqtonla münasibətləri dəstəkləyərək bu münasibətləri məharətlə balanslaşdırmağa malik olub. Zahir şah, Əfqanıstanın Avropa ilə mədəni və ticarət əlaqələrini də təşviq edib.

Onun məşhur ifadəsi: ““Quran”ın heç bir yerində Allahın elmi-texniki tərəqqinin əleyhinə olduğu söylənilmir, bəs onda niyə onunla mübarizə aparmalıyıq?” Bu ifadənin daha radikal versiyası da var: ““Quran” heç bir yerdə Allahın kommunizmə qarşı olduğunu söyləmir, bəs niyə onunla mübarizə aparmalıyıq?” Belə fikir mövcuddur ki, şah bu sözü sovet rəhbərləri ilə dostluğun qurulmasını əsaslandırarkən deyib.

1973-cü ildə Zahir şahın İtaliyaya səfəri zamanı Əfqanıstanda dövlət çevrilişi baş verir. Hakimiyyət şahın qohumu Məhəmməd Daud tərəfindən qəsb edilir. M.Daud Əfqanıstanda ilk respublikanın qurulduğu elan edir. Daud avtoritar diktatura qurur və islahatlar aparmağa çalışır, lakin onların əksəriyyəti uğursuzluğa düçar olur. Daudun hakimiyyəti 27 aprel 1978-ci ildə başlayan aprel inqilabı (Saur inqilabı) nəticəsində başa çatır. Onun özü və ailə üzvləri edam edilir. İnqilab nəticəsində marksist-leninist Əfqanıstan Xalq Demokratik Partiyası hakimiyyətə gəlir, Əfqanıstan Demokratik Respublikası qurulur. Ölkə rəhbərliyinin Əfqanıstandakı geriliyi aradan qaldırmağı mümkün edəcək yeni islahatlar aparmaq cəhdləri islamçı müxalifətin müqaviməti ilə qarşılaşır. 1978-ci ildə Əfqanıstanda vətəndaş müharibəsi başlayır.

Siyasi tarixi araşdıranlar Əfqanıstanda bu gün də yaşanan hərbi qarşıdurmaların kökünü 27 aprel 1978-ci ildən götürdüyü fikrində yekdildirlər. Artıq 43 ildir ki, Orta Şərqin bu ölkəsində sular durulmaq bilmir...

Hələlik isə biz yarım əsr geri qayıdırıq. Əfqanıstanın inkişaf etdiyi, sadə əfqanların gələcəyə ümidlə baxdığı o illərə... Baxaq və böyük güclərin bu gözəl ölkəni necə xarabazara çevirdiklərinə şahidlik edək... Bu fotolar həm də ibrət dərsidir – böyük güclərin heç bir xalqa xoşbəxtlik gətirmədiyinin ibrət dərsi. O güclərin öz imperiya maraqlarının təmin olunması üçün başqa xalqlardan və dövlətlərdən istifadə etmələrinin ibrət dərsi. Sonda əziyyət çəkən isə həmin xalqlar və dövlətlər olur. Gərək hər bir kiçik dövlət böyük güclərlə məsafə saxlasın, heç birinə ifrat dərəcədə yaxınlaşmasın. Zahir şahın Əfqanıstanı kimi...