“Yoluq, sümükləri çıxmış, can verən şirin quyruğu çoxdan ütükdü” – Jurnalist

21 Sentyabr 2021 15:38 (UTC+04:00)

“Güney Azərbaycandakı milyonlarla azərbaycanlı oyanıb. Onlar Tehrandakı ayətullaların bundan sonra da belə davranışlarını həzm edən deyillər”.

Teleqraf.com xəbər verir ki, bunu jurnalist Elçin Alıoğlu deyib.

Jurnalist İrandan işğalçı Ermənistana verilən dəstəyə diqqət çəkib:

“44 günlük Vətən müharibəsinin ilk həftələrində İran mediasında gəbərdilmiş erməni hərbçiləri açıq-aşkar şəkildə “şəhid” adlandırılırdı. Bundan başqa, dünyada sadəcə, üç dövlət və ölkə başçısı “Azərbaycan tərəfindən Qarabağda əcnəbi muzdlular, yaraqlılar vuruşur” deyib: Ermənistan Baş naziri Nikol Paşinyan, Fransa Prezidenti Emmanuel Makron və İranın dini rəhbəri Əli Xameneyi.

İran müharibədən sonra Cənubi Qafqazdakı geosiyasi reallıqların dəyişdiyini, bu bölgədə bütün təsir rıçaqlarını itirdiyini anlamaq, dərk etmək istəmir. Azərbaycanın cənub sərhədləri boyunca təlimlər keçirmək də rəsmi Tehranın çox primitiv, hətta sarsaq qərarıdır. Bəllidir ki, İran güclü, qüdrətli Azərbaycanı istəmir və ölkəmizin inkişafını əsla arzulamır.

Tehrandakı mollakratiyanın qafasında bizimlə bağlı sadəcə, bir idefiks var: “Azərbaycan yoxdur, olan Arrandır, İran əraziləridir”.

Bakı ilə münasibətlər də məhz bu mövqedən qurulur. Amma Tehran yanılır. Güney Azərbaycandakı milyonlarla azərbaycanlı oyanıb. Onlar Tehrandakı ayətullaların bundan sonra da belə davranışlarını həzm edən deyillər”.

Sərhəddəki təlimlərə gəldikdə, Elçin Alıoğlu qeyd edib ki, bu, İrandakı mollakratiyanın adi və bəsit əzələ göstərişidir:

“Biz belə cəhdlərdən çəkinən deyilik. Sadəcə, İrandakı teokratiyanın maskalarının yırtılmasını iyrənərək seyr edirik. Torpaqlarımızın erməni işğalında olduğu 28 ildə Ermənistana hər cür dəstək verən İrandan bizə dost olmaz, ola da bilməz. Ayətullalar bunu anlasınlar. Toplarını da götürüb, o yanda oynasınlar.

“Şirin quyruğu” məsələsinə gəldikdə isə, yoluq, sümükləri çıxmış, can verən şirin quyruğu çoxdan ütükdü”.