Rusiyaya qarşı həmlə: Üç qitədə nüvə əməkdaşlığı... - Razılıq əldə olundu

22 Sentyabr 2021 19:28 (UTC+04:00)

“ABŞ və İngiltərənin nüvə sualtı qayıqlar hazırlamaqla bağlı Avstraliya ilə razılaşma əldə etməsi sadəcə Pekini deyil, Moskvanı da hədəfə alır”.

Teleqraf.com xəbər verir ki, bu fikirləri Rusiya Təhlükəsizlik Şurasının sədri Nikolay Paturşev bəyan edib.

Təhlükəsizlik Şurasının katibi deyib ki, AUKUS olaraq bilinən bu üç ölkə arasındakı razılaşma qərbyönümlü olmayan ən güclü iki gücü nəzarət altına almağı və onları qarşı-qarşı hədəfə alan hərbi blok olacaq.

Paturşev bu razılaşmanı ABŞ, Hindistan, Yaponiya və Avstraliya arasında Vaşinqtonun Asiyadakı mövqelərini gücləndirmək üçün hazırlanan strateji dialoq platforması QUAD ilə müqayisə edərkən bildirib ki, qrup fərqli şəkildə Amerika tərəfdarı olan hərbi-siyasi blokdur.

Qeyd edək ki, Avstraliya Baş naziri Skott Morrison sentyabrın 15-də ölkəsinin sualtı qayıq donanmasının nüvə enerjisi ilə işləyəcəyini ABŞ və İngiltərə ilə əməkdaşlıq şəraitində təmin ediləcəyini bildirib. Hətta bunun üçün Avstraliya Fransa ilə 90 milyard dollar dəyərində olan anlaşmasını birtərəfli qaydada pozub.

AUKUS təhlükəsizlik razılaşmasına əsasən Avstraliyanın paytaxtı yaxınlığında ən azı 8 ədəd nüvə enerjisi ilə işləyəcək sualtı qayıq hazırlanacaq.

Burada diqqəti çəkən məqam qitələrarası əməkdaşlıqdan gedir ki, bu da Moskvanın ciddi narahatlığına səbəb olub. Nəzərə alınmalıdır ki, ABŞ, İngiltərə və Avstraliya ayrı-ayrı qitələrdə yerləşsə də, faktiki nüvə enerjisi mövzusunda birgə addımlar atacaq.