Səfir Naxçıvana səfərinin məqsədini açıqladı

24 Sentyabr 2021 08:25 (UTC+04:00)

“Bildiyiniz kimi, biz xarici ölkələrdən Azərbaycana təyin olunmuş səfirlər Bakıda yaşayırıq. Əsas fəaliyyət mərkəzimiz oradadır. Lakin buna baxmayaraq, ölkənizin digər bölgələrini də yaxından tanımaq üçün səfərlər edirik. Səfərlərin əsas məqsədi regionların tarixini, orada formalaşan adət-ənənələri, mətbəx mədəniyyətini yaxından tanımaq, potensial imkanlarla maraqlanıb mümkün əməkdaşlıq əlaqələrini gücləndirməkdir”.

Teleqraf.com xəbər verir ki, bu sözləri Argentina Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Serxio Osvaldo Perez Qunella deyib.

“Mən də Naxçıvana bu məqsədlə gəlmişəm. İkigünlük səfər müddətində qeyd etdiyim istiqamətlər üzrə Naxçıvanı daha yaxından tanıya bildim və gəldiyim qənaət odur ki, bura çox heyrətamiz, gözəl, perspektivli yerdir. Ümumiyyətlə, düşünürəm ki, heç bir şifahi məlumat canlı təması əvəz edə bilməz. Çünki bir yerə səfər edib ora ilə tanışlıq, insanları ilə ünsiyyət əlaqələrin möhkəmlənməsinə daha böyük töhfə verir”, - səfir vurğulayıb.

Diplomat qeyd edib ki, səfər müddətində rəsmi və qeyri-rəsmi bir sıra görüşlər keçirib, yüksək qurumların rəhbərləri ilə bir araya gələrək, gələcək əməkdaşlıq əlaqələrini müzakirə ediblər.